Bu gün:

Alimlər elektrik cərəyanını keçirən yeni növ bakteriya kəşf ediblər


Oreqon sahillərində kəşf edilən yeni elektrik keçirici bakteriya növü ətraf mühitin təmizlənməsindən bioelektronikaya qədər sahələrdə inqilab yaratmaq potensialına malikdir.

ABŞ-nin Oreqon sahillərindəki palçıqlıqlarda əvvəllər məlum olmayan bir bakteriya növü aşkar edilib. "Candidatus Electrothrix yaquonensis" adlı bu bakteriya elektrikötürmə xüsusiyyətinə malikdir.

Kşfi həyata keçirən Oreqon Dövlət Universitetindən Çenq Li və professor Kler Reimers bu bakteriyanın elektrik cərəyanını naqil kimi ötürə bildiyini bildiriblər. Hüceyrələri uzun saplar əmələ gətirmək üçün bir-birinə bağlanan bu bakteriyalar nikellə zəngin keçirici lifləri sayəsində elektronları uzun məsafələrə daşıya bilirlər.

Yeni növ  digər tanınmış kabel bakteriya cinslərinə bənzəyir və həm elektrik, həm də maqnit xüsusiyyətlərini bir arada daşıyır. Bu isə bakteriyanın iki növ arasında təkamül körpüsü ola biləcəyini göstərir. Həmçinin onun səthində digər növlərlə müqayisədə üç dəfə çox qabarıq silsilələr müşahidə olunub.

Bakteriyaların elektron daşıma qabiliyyəti onların çirklənmiş çöküntülərdən zərərli maddələrin çıxarılması kimi ekoloji tətbiqlərdə istifadə olunmasına imkan yaradır. Eyni zamanda, bu bakteriyada aşkar edilən yüksək keçirici nikellə örtülü zülallar yeni nəsil bioelektronik cihazların dizaynına ilham verə bilər.

"Yaquonensis" adı bakteriyanın kəşf edildiyi ərazinin yerli əhalisi olan Yaqona icmasının şərəfinə verilib. Hazırda bu icmanın nümayəndələri Siletz Qəbilələri Konfederasiyasının tərkibində yaşayırlar.

Mənbə: TRT haber

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et