Bu gün:

K2-18b: Qaranlıqda parlayan yeni dünya


Astronomlar Günəş sistemindən kənarda həyatın mövcud ola biləcəyinə dair ən açıq sübutları tapıblar.Bu sübutlar Yer kürəsindən 124 işıq ili uzaqlıqdakı bir planetin atmosferindən əldə edilib və bu, qlobal elmi ictimaiyyətdə ehtiyatlı bir həyəcan doğurub.


Birləşmiş Krallıqda yerləşən Kembric Universitetinin astronomlarının rəhbərlik etdiyi tədqiqatçılar NASA-nın James Webb Kosmik Teleskopu vasitəsilə Yerdə yalnız canlı orqanizmlər tərəfindən yaranan iki kimyəvi birləşmənin izlərini aşkar ediblər.

Alimlər bu sübutları harada tapıblar?


James Webb teleskopu 2022-ci ildə kosmosa göndərilib və Yerdən 1.5 milyon kilometr uzaqda yerləşir. Tədqiqatçılar K2-18b adlı bir planetə diqqət yetiriblər, çünki o, əvvəldən Yerə bənzər şəraitə malik ola biləcəyi ehtimal edilən namizəd planet kimi tanınırdı.
Bu planet Şir (Leo) bürcündə yerləşir və ora işıq sürətilə belə 124 il ərzində çatmaq mümkündür.
K2-18b Yerdən 8.6 dəfə ağır və 2.6 dəfə böyükdür. Ən əsası isə, bu planet öz günəşinin “Qızıl Orta Zona”sında yerləşir – bu, səthində maye halda suyun mövcud ola biləcəyi temperatur bölgəsidir. 2023-cü ildə alimlər bu planetin atmosferində metan və karbon qazı aşkar etdilər. Bu da həyat üçün vacib molekulların burada ilk dəfə tapılması demək idi. Onlar ehtimal edirlər ki, bu planetin səthi okeanla, daha sonra isə hidrogenlə zəngin atmosferlə örtülmüş ola bilər. Bu da həyat üçün şərait yarada bilər.

Alimlər uzaqdakı planetləri analiz etmək üçün onların öz ulduzlarının önündən keçmələrini gözləyirlər. Bu zaman ulduz işığı planetin atmosferindən keçərkən onun tərkibi haqqında məlumat verir. Bu üsulla K2-18b atmosferində ya dimetil sulfid (DMS), ya dimetil disulfid (DMDS), ya da hər ikisinin izləri tapılıb. Bu maddələr Yer üzündə yalnız canlılar, xüsusən də dəniz fitoplanktonu kimi mikroorqanizmlər tərəfindən istehsal olunur. Həm də bu maddələrin konsentrasiyası Yerlə müqayisədə minlərlə dəfə çox olub.


Başqa həyat sübutları varmı?


Son illərdə başqa mühim kəşflər də olub:
• 2011-ci ildə NASA alimləri Antarktidaya düşən meteoritlərdə DNT-nin əsas komponentlərini aşkar etdilər.
• 2012-ci ildə Kopenhagen Universiteti alimləri uzaq bir ulduz sistemində şəkər molekulu tapdılar – bu, RNA üçün vacibdir.
• 2023-cü ildə Saturnun peyki Enseladusda üzvi molekulların izlərinə rast gəldilər.
• 2024-cü ildə isə həyatın varlığına işarə edə biləcək beş istixana qazı müəyyən edildi.

Lakin elm eyni zamanda geriləmələrlə də doludur. 2005-ci ildə Marsda metan izlərinə əsasən həyatın izləri olduğu iddia olunsa da, bu nəticələr sonradan təsdiqlənmədi.
Növbəti addım nədir?
Kembric alimləri DMS və DMDS izlərini 99.7% dəqiqliklə aşkar ediblər.
Bu yüksək göstərici olsa da, elmi dünyada tam təsdiq üçün 99.99994% dəqiqlik – yəni beş-sigma səviyyəsi tələb olunur.

Astronomlar James Webb teleskopuna daha çox müşahidə vaxtı ayrılarsa, bu səviyyəyə çatacaqlarına inanırlar.

Mənbə: Al Jazeera


Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et