Bermud üçbucağı Şimali Atlantik okeanında yerləşən bir ərazidir. Bu bölgə ABŞ-nin cənub-şərq sahilləri, Bermud adaları və Böyük Antil adaları (Kuba, Haiti, Yamayka və Puerto-Riko) ilə əhatə olunur.
Bermud üçbucağının sərhədləri rəsmi deyil, yalnız təqribi hesab olunur. Ümumi sahəsi müxtəlif mənbələrdə 1.300.000 ilə 3.900.000 kvadrat kilometr arasında göstərilir. Bu ərazi qeyri-müntəzəm forma malik olsa da, təxminən üçbucaq şəklindədir.
“Bermud üçbucağı” termini ilk dəfə 1964-cü ildə macərasevərlər üçün nəzərdə tutulmuş bir jurnalda istifadə olunub. Adın mənşəyi Bermud adalarına istinadla bağlıdır, çünki həmin bölgədə sirli yoxa çıxmalar baş verirdi.
Əvvəllər qəzet və jurnallar bu bölgədə baş verən hadisələri “Bermud üçbucağında yoxa çıxan gəmi” və ya “Pilotun Bermud üçbucağından son mesajı” kimi başlıqlarla tirajlayırdı. Bu hekayələrin bir çoxu reallıqdan uzaq, şişirdilmiş və elmi əsaslardan məhrum idi. Lakin sensasiya həvəsi olan müəllifləri bu, dayandıra bilmirdi. Hər yeni itkin hadisə daha da dramatik şəkildə təqdim olunur, oxuculara “qorxulu sirr” kimi çatdırılırdı.
Zamanla bölgə ilə bağlı saysız-hesabsız nəzəriyyələr meydana gəlib. Bəziləri bu hadisələri yadplanetlilərlə, bəziləri isə itmiş Atlantida ilə əlaqələndirirdi. Digərləri isə qeyri-adi maqnit sahələri və zaman bükülmələri kimi elmi-fantastik ideyalar irəli sürürdülər. Hətta belə düşünənlər də olub ki, bu ərazidə zaman və məkan anlayışı dəyişir.
Lakin müasir tədqiqatçılar və skeptiklər deyirlər ki, Bermud üçbucağında baş verən hadisələrin əksəriyyəti təbii izahlarla açıqlana bilər. Bu bölgə dəniz və hava nəqliyyatı baxımından çox sıx istifadə olunur. Burada tropik fırtınalar, siklonlar və güclü dalğalar tez-tez müşahidə olunur. Bütün bunlar gəmilərin və təyyarələrin qəza keçirməsi ehtimalını artırır. Üstəlik, bəzi hallarda qəzanın yeri dəqiq bilinmir, bu da axtarış və xilasetmə işlərini çətinləşdirir.
Mənbə: Techinsider
Tərcümə etdi: İbrahim Çobanlı