NASA astronavtlarda uzunmüddətli kosmik səfərlər zamanı yaranan sümük itkisini daha dərindən araşdırmaq məqsədilə siçanları Beynəlxalq Kosmik Stansiyaya göndərib. Tədqiqat nəticəsində məlum olub ki, çəkisizlik şəraitində siçanların skelet sistemində maraqlı dəyişikliklər baş verir - xüsusilə, arxa ayaqlardakı bud sümüklərinin uclarında böyük boşluqlar yaranır. Ən diqqətçəkən məqam isə odur ki, bu dəyişikliklər bütün skeletə deyil, yalnız müəyyən bölgələrə təsir edir.

Mütəxəssislər bu vəziyyəti sümüklərin çəkisizlik şəraitində daimi yüklənmədən azad qalması ilə izah edirlər. “İstifadə et, yoxsa itir” prinsipi bu halda da keçərlidir – təzyiq altında olmayan sümük toxuması zamanla zəifləyir. Onurğa sümüklərinin demək olar ki, zərər görməməsi isə sümük itkisinə səbəb olan amillərin lokal və funksional xarakter daşıdığını göstərir.
Alimlər hesab edirlər ki, sümük itkisinə nə radiasiya, nə də günəş işığı çatışmazlığı səbəb olur. Əgər bu amillər təsirli olsaydı skeletin bütün hissələrində eyni dəyişikliklər müşahidə olunardı. Maraqlıdır ki, qalın xarici quruluşa malik olan sümüklərin belə iç qatındakı süngərəbənzər toxuma zədələnib. Bu da problemin daxildən baş verdiyini göstərir.
İnsan astronavtlar kosmosda keçirdikləri hər ay üçün 1%-dən artıq sümük sıxlığı itirirlər və bu itkilər çox vaxt bərpa olunmur. Siçanlarda müşahidə olunan dəyişikliklər, xüsusilə inkişaf dövründə olan fərdlərdə daha ciddi nəticələrə səbəb ola bilər. Hazırda bu prosesi yalnız pəhrizlə dayandırmaq mümkün deyil. Ona görə də ağırlıq simulyatorları və müqavimət yaradan idman avadanlıqları kosmik səyahətlərdə mühüm rol oynaya bilər.
Gələcəkdə kosmosa səfər edən şəxslər təkcə oksigen deyil, həm də sümük sağlamlığını qoruyan xüsusi avadanlıqlar da özü ilə aparmalı ola bilər.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
