Google süni intellekt modellərinin məlumat mənbələri ilə daha effektiv əlaqələndirilməsi üçün Antropik-in Model Context Protocol (MCP) sisteminə dəstək verəcəyini açıqlayıb.
OpenAİ-nin rəqibi Antropik-in təqdim etdiyi MCP standartını OpenAİ-dən sonra indi də Google tətbiq etməyə hazırlaşır. Google DeepMind baş direktoru Demis Hassabis bu barədə çərşənbə günü X (əvvəlki Twitter) platformasında paylaşım edib.
Hassabis bildirib ki, Google-un Gemini süni intellekt modelləri və SDK-sı (proqram təminat inkişaf dəsti) bundan sonra MCP protokolunu dəstəkləyəcək. Lakin o, bu keçidin nə zaman baş tutacağı ilə bağlı konkret tarix göstərməyib.
MCP protokolu süni intellekt modellərinə müxtəlif məlumat mənbələrindən məsələn, biznes alətləri, məzmun anbarları və proqram təminatları – informasiya əldə etməyə imkan verir. Bu protokol, süni intellekt(Sİ) modellərinin tapşırıqları yerinə yetirməsini asanlaşdırmaqla yanaşı, çatbot kimi tətbiqlərlə iki tərəfli əlaqə qurmağa da şərait yaradır.
Tərtibatçılar MCP vasitəsilə məlumatları "MCP serverləri" üzərindən təqdim edə və "MCP müştəriləri" tətbiqlər və iş axınları yarada bilərlər. Bu müştərilər həmin serverlərə birbaşa qoşula bilir. Antropik-in MCP-ni açıq mənbə kimi istifadəyə verməsindən sonra Block, Apollo, Replit, Codeium və Sourcegraph kimi texnologiya şirkətləri artıq öz platformalarında bu protokola dəstək əlavə ediblər.
Qeyd edək ki, bu addım, Sİ texnologiyalarının daha çevik, şəffaf və qarşılıqlı əlaqəli şəkildə inkişaf etdirilməsi yolunda mühüm mərhələ hesab olunur.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
