Sosial media yaxşı şəkilləri paylaşmaq, dostlarla əlaqədə qalmaq, yeni tanışlıqlar qurmaq və s. üçün bir məkandır. Bu gün sosial media lentləri bir çox yaradıcı insanlar üçün maddi gəlir mənbəyinə çevrilib. Ona görə də insanların sosial mediada özlərini ən yaxşı şəkildə göstərmələri tamamilə normaldır. Yaradıcılar, influenserlər və s. sosial mediada öz dünyalarını qururlar və orada izləyicilərə nəyi göstərəcəklərinə özləri qərar verirlər. Sosial mediada “mükəmməl həyat” obrazının yaradılması onların dolanışığı üçün bir vasitədir.

Xüsusilə bu günün gəncləri estetik görüntülərlə dolu sosial media lentlərinə aludə olublar, çünki onlar influenserlərin və ya yaradıcıların ən yaxşı həyatlar yaşadıqlarına inanır və öz həyatlarını sual altına alırlar, başqasının həyatının onlardan daha yaxşı olduğuna inanırlar. Bu, GenZ nəslindən olan bir çox insanların reallığıdır. Kurasiya olunmuş (yəni seçilərək paylaşılmış) sosial media lentinə əsaslanaraq kiminsə həyatını mühakimə etmək bu gün bir çox insanlarda formalaşan düşüncə tərzidir. İnsanlar başqalarının sosial media həyatına o qədər fokuslanıblar ki, tədricən öz real həyatlarını yaşamağı unudurlar.
İnsanların başqasının həyatına həsəd aparması bəşəriyyət üçün yeni bir şey deyil. Bu, əsrlərdir baş verir. Keçmiş zamanlarda insanlar başqalarının həyatı haqqında dedi-qodu edər, şayiələrlə dolu məlumatlar paylaşardılar. İndi isə bu, sosial media profilləri vasitəsilə edilir. Əslində, bu iki vəziyyət arasında böyük bir fərq yoxdur. Kiminsə sosial mediada yaratdığı paylaşımlara əsasən onun reallığına inanmaq, səhrada görünən mirağa bənzəyir.
Mükəmməl sosial media şəkilləri səbəbilə beynimiz bizi sosial media yaradıcılarının həyatının zəhmətsiz, rahat, sadəcə xoşbəxtliklə dolu olduğunu düşünməyə vadar edir. Nəticədə isə bu davranışlar psixi sağlamlıq baxımından ciddi risk yaradır.
Son dövrlərdə sosial medianın sürətlə yayılması ilə psixi sağlamlıq ən aktual mövzulardan birinə çevrilib. Sosial media yaradıcılarının “mükəmməl” həyatını yaşamaq istəyi insanlarda narahatlıq (anksiyete), depressiya və müxtəlif psixoloji problemlərə səbəb olur.
Bütün bunların sonunda isə bir səbəb dayanır – istək. İnsanlar bu "mükəmməl həyat" tələsinə asanlıqla düşürlər, çünki onlar bunu dərhal istəyirlər – elə sosial mediada bir şəkil paylaşmaq qədər tez və asan.
Bəs "mükəmməl sosial media həyatından" beynini necə uzaq tuta bilərsən?
İnsanlar zaman-zaman sosial mediadan fasilə götürməlidirlər. Sosial media həyatından çox, real həyatlarını yaşamağa başlamalı, həyatlarında gerçək anlar yaratmalı və onları tam şəkildə cəlb edən yeni bir şey öyrənməyə çalışmalıdırlar.
Həyatı kiminsə sosial media lentilə müqayisə etməyi buraxmaq lazımdır.
Mənbə: SO SHE SLAYS
Tərcümə etdi: Arzu Qafarova
