Süni intellekt sahəsində fəaliyyət göstərən “Artisan” adlı startap A seriyası maliyyələşdirmə turu çərçivəsində 25 milyon dollar sərmayə cəlb edib. Sərmayəyə Glade Brook Capital rəhbərlik edib. Şirkətin 23 yaşlı baş direktoru Jaspar Carmichael-Jack bu xəbəri TechCrunch-a eksklüziv olaraq təsdiqləyib.
“Artisan” süni intellekt əsasında satış nümayəndələri (Sİ SDR) bazarında sürətlə böyüyən startaplardan biri kimi tanınır. Şirkət xüsusilə “Stop Hiring Humans” (“İnsanları işə götürməyin”) adlı mübahisəli marketinq kampaniyası ilə gündəmə gəlib. Kampaniya sosial mediada, xəbər saytlarında geniş müzakirələrə səbəb olub, bəzi hallarda isə ölüm təhdidləri ilə müşahidə olunub.
1 aprel tarixində Jaspar Carmichael-Jack istefa verdiyini açıqlayıb və öz yerinə “Sİ CEO”nun təyin olunduğunu bildirib. Lakin bu bəyanat sonradan Aprel zarafatı olduğu ortaya çıxıb və Carmichael-Jack hələ də şirkətin baş direktoru vəzifəsində qalır.
Mövzu ilə bağlı daha ciddi açıqlama verən Carmichael-Jack, süni intellektin insanları tam əvəzləyəcəyinə inanmadığını bildirib: “Xeyr, bu ironiyadır. Çünki biz ‘insanları işə götürməyin’ yazılı lövhələr yerləşdirdik, amma bu, əsasən diqqət çəkmək məqsədi daşıyırdı".
Qeyd edək ki, “Artisan”ın fəaliyyətləri və açıqlamaları süni intellekt texnologiyalarının gələcəyi və insan resurslarına təsiri ilə bağlı müzakirələrə yeni təkan verib.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
