Seul hökumət rəsmilərinin bildirdiyi məlumata görə, Cənubi Koreya ordusu çərşənbə axşamı sərhədi keçən bir qrup Şimali Koreya əsgərinə xəbərdarlıq atəşi açıb.

Şimali Koreya qoşunlarının iki ölkə arasında möhkəmləndirilmiş demarkasiya xəttini pozması ilə bağlı son hesabatdan təxminən bir il keçib.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinin verdiyi açıqlamada, bəzilərində silah olan 10-a yaxın Şimali Koreya əsgərinin çərşənbə axşamı saat 17:00-da Demilitarizasiya Bölgəsinin (DMZ) şərq hissəsində sərhədi keçdiyini bildirib.
Bəyanatda əlavə edilib ki, Cənubi Koreyanın xəbərdarlıqları və xəbərdarlıq atəşi açmasından sonra qrup Şimali Koreyaya qayıdıb.
1950-1953-cü illər Koreya Müharibəsinin mirası olan 248 km uzunluğunda və 4 km enində olan DMZ təxminən 2 milyon mina ilə dünyanın ən təhlükəli sərhəd bölgələri arasındadır.
Çərşənbə axşamı Şimali Koreya qoşunlarının sərhədi keçməsinin səbəbi hələ də aydın deyil. Bununla belə, Cənubi Koreya mediası əsgərlərin cəbhə xəttində aparılan işlər ərəfəsində patrul xidməti zamanı bilmədən düşmən ərazisinə keçə biləcəyini yazıb.
Oktyabr ayında Pxenyan Cənubi Koreya və ABŞ-nin “qarşıdurma isteriyası” adlandırdığı vəziyyətə cavab olaraq sərhəddə müdafiəsini gücləndirəcəyini söyləyib. Cənubi Koreya ordusu isə martın sonunda bildirib ki, Şimali Koreya tikanlı məftillərin möhkəmləndirilməsi kimi tapşırıqlar üzərində işləyib.
Mənbə: Euronews
Tərcümə etdi: Səyyarə Mirzəyeva
