Bu gün:

Shell və BP-nin lisenziyaları ləğv edildi


ABŞ prezidenti Donald Tramp başda Çin və Avropa olmaqla bir çox ölkə üçün açıqladığı əlavə gömrük rüsumu tarifləri ilə bazarlarda gərginlik yaratdıqdan sonra bu dəfə Avropanın aparıcı enerji şirkətlərini hədəf alıb.

Tramp administrasiyası Avropada yerləşən qlobal enerji şirkətləri British Petroleum (BP) və Shell-in Venesueladan təbii qaz çıxarmaq üçün aldıqları lisenziyaları ləğv edib.


Financial Times-da yayımlanan xəbərə görə, son illərdə şirkətlərə verilən bu lisenziyalar, Venesueladan çıxarılan qazın Karib dənizindəki Atlantic LNG obyektinə daşınmasına icazə vermək məqsədi daşıyırdı.


Lisenziyaların ləğvi BP və Shell üçün geriyə doğru bir addımdır, çünki bu lisenziyalar Trinidad və Tobaqo hökumətinin nəzarətində olan qaz yataqları ilə bağlı idi. Şirkətlər, ABŞ-ın Venesuela hökumətinə qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, əvvəlki Co Bayden administrasiyası tərəfindən verilmiş xüsusi lisenziyalar əsasında Venesuelanın qazla zəngin sularında fəaliyyət göstərə biləcəklərinə ümid edirdilər.


Vaşinqtonun bu addımı eyni zamanda, Trinidad və Tobaqonun Atlantic LNG layihəsinə qaz təchizatı uğrunda apardığı mübarizəyə də zərbə vurur. Bu obyekt, daxili qaz çatışmazlığı səbəbindən 2020-ci ildən etibarən gücünün cəmi beşdə birini istifadə edə bilir.


Karib adasının baş naziri Stüart Yanq dünən bildirib ki, Tramp administrasiyası onun hökumətini hər iki lisenziyanın ləğv edildiyi barədə məlumatlandırıb. Yanq, hökumətinin bu qərardan şikayət etməyi planlaşdırdığını da qeyd edib.


“Həm Venesuela ilə bağlı vəziyyəti, həm də tariflərin tətbiqi ətrafında yaranan qeyri-müəyyənliyi nəzərə alsaq, bu, sürpriz deyil. Görünür, Vaşinqtonda çətin dövrlər yaşanır”, - Yanq əlavə edib.


Mənbə: Sözcü 

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et