Bu gün:

Maskın qurumu amerikalıların vergi məlumatları üçün “Mega API” hazırlayır


İlon Maskın rəhbərlik etdiyi Hökumət Effektivliyi Departamenti (DOGE), ABŞ Vergi Xidməti (IRS) məlumatlarına çıxışı təmin edəcək “Mega API” üzərində işə başlayır. “Wired”in məlumatına görə, bu məqsədlə gələn həftə xüsusi bir hakaton təşkil ediləcək.

Layihə DOGE əməkdaşları olan Gavin Kliger və eyni zamanda “Levels” adlı sağlamlıq texnologiyaları startapının baş direktoru olan Sam Corcos tərəfindən təşkil olunur. Corcosun DOGE daxilində “bütün API-ləri əvəz edəcək tək bir API” yaratmağı hədəflədiyi bildirilir.

Yeni API sistemi bulud təminatçılarına vergi ödəyicilərinin adları, ünvanları, sosial təminat nömrələri, vergi bəyannamələri və məşğulluq məlumatları kimi həssas informasiyalara çıxış imkanı verəcək. Bu məlumatların xarici sistemlərə ötürülməsi də mümkün olacaq.

Mənbələrə əsasən, layihənin bəzi hissələrinin idarə olunması üçün üçüncü tərəf texnoloji şirkətlərin cəlb olunması planlaşdırılır. “Palantir” şirkətinin bu prosesdə əsas namizəd kimi adı hallanır.

Mövzu ilə bağlı narahatlıq ifadə edən anonim IRS əməkdaşı “Wired”ə açıqlamasında bildirib: “Bu, əslində Mask tərəfindən idarə olunan və bütün amerikalıların ən həssas məlumatlarına çıxışı mümkün edən açıq bir qapıdır. Bu məlumatların təhlükəsizliyini təmin edən normal qaydaların burada tətbiq olunmayacağı görünür”.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et