24Media.az-ın növbəti müsahibi İnternet Texnologiyaları üzrə mütəxəssis Elviz İsmayılovdur. O, robotların həyatımıza təsirindən danışıb.
Son illərdə süni intellekt və robot texnologiyalarının gündəmə gəlməsi həm dünyada, həm də Azərbaycanda cəmiyyətin müxtəlif təbəqələrində maraq doğurur. Bu sahədəki irəliləyişlər həyatımıza ciddi dəyişikliklər gətirməklə yanaşı, eyni zamanda, bəzi suallar və narahatlıqlar da yaradır. Bəs, ölkəmiz bu yeniliklərə nə qədər hazırdır?

Ekspert süni intellektin və robotların inkişafını bir fürsət olaraq görür.
“Bu texnologiyalar gənclər üçün iş bazarına daxil olma mövzusunda narahatlıq yaratmasının əksinə, əslində, bu prosesin təkmilləşdirməsində böyük dəstək rolunu oynaya bilər. Son zamanlar süni intellektin inkişafı gənclərdə gələcəkdə iş tapa bilməm kimi narahatlıq yaradır. Amma bu prosesi bəziləri bir fürsət olaraq dəyərləndirir və deyirlər ki, süni intellektdən istifadə edərək daha çox şeylərə nail ola bilərik. Fikrimcə, bu prosesi avantaj kimi qəbul etmək lazımdır”.
O, robot texnologiyalarının insan həyatına daxil olmasının həm müsbət, həm də mənfi tərəfləri olduğunu qeyd edir.
“Robotlar gündəlik həyatda çoxsaylı rutin tapşırıqları yerinə yetirmə potensialına malikdir. Beləliklə, robotlar insanların iş yükünü azalda və həyat keyfiyyətini artıra bilər. O, həmçinin robotların insanlara xas olan hissləri təqlid edə bilməməsinin mənfi cəhət olduğunu bildirir: Robotların mənfi xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onlarda insani hisslər yoxdur və biz bu hissləri onlara heç bir şəkildə öyrədə bilməyəcəyik”.
Elviz İsmayılov, eyni zamanda, vurğulayır ki, süni intellektin genişləndirilməsi təhsil və əmək bazarında böyük dəyişikliklərə səbəb olacaq.
“Süni intellekt texnologiyalarının təsiri ilə bütün dünyada və ölkəmizdə tamamilə yeni xüsusiyyətlərə malik əmək bazarı formalaşır. Bu, əlbəttə ki, müasir biliklərə malik yüksəkixtisaslı kadrların hazırlanmasını zəruri edir. Bu inkişaf ölkəmizdə müxtəlif tədbirlər və layihələrlə dəstəklənir. Məsələn, 2022-ci ilin may ayında Bakıda keçirilən "Texnofest Azərbaycan" festivalında süni intellekt texnologiyalarına əsaslanmış layihələr təqdim olundu. Burada Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Universitetinin təmsil etdiyi altı layihə yer aldı.
Robotexnologiyalarının və süni intellektin həyatımıza inteqrasiyası yeni imkanlar yaratsa da, onların düzgün şəkildə idarə edilməsi və yönləndirilməsi biz insanların əlinə düşür. Bu texnologiyalar həm müsbət, həm də mənfi təsirlər göstərə bilər, buna görə də onların inkişafını diqqətlə izləmək və müvafiq qaydalarla tənzimləmək vacibdir”.
Müsahib son olaraq əlavə edir ki, gələcəkdə robotların və süniintellektin həyatımıza daha da daxil olması ilə, bu sahədə təhsil və peşəkar hazırlıq da ön planda olacaq. Həm ölkəmizdə, həm də dünyada bu texnologiyalardan səmərəli istifadə etmək üçün güclü bir hazırlıq və planlaşdırma lazımdır.
