New York mərkəzli Adaptiv Sekuriti, OpenAI-nin startap fondu və Andreessen Horowitz tərəfindən birgə rəhbərlik edilən 43 milyon dollarlıq A Seriyası investisiya turunu tamamladığını açıqlayıb. Bu, OpenAI-nin kibertəhlükəsizlik sahəsindəki ilk sərmayəsidir.
Adaptiv Sekuriti, işçiləri kibertəhlükəsizlik təhdidlərinə qarşı hazırlamaq üçün süni intellekt tərəfindən yaradılan "hücumları" simulyasiya edir. Şirkət saxta zənglər, mətn mesajları və e-poçtlar vasitəsilə şirkətlərin zəif nöqtələrini müəyyən edir və işçiləri bu təhdidləri aşkar etməyə öyrədir. Məsələn, işçilər telefonlarına gələn zəngdə öz CTO-larından təsdiq kodu istənildiyini eşidə bilər, amma bu, gerçək CTO-ları deyil, Adaptiv Sekuriti tərəfindən yaradılan bir saxta zəngdir.
Platforma yalnız telefon zəngləri ilə məhdudlaşmır, həmçinin mətn mesajlarını və e-poçtları da əhatə edir. Adaptiv Sekuriti, şirkətlərin hansı hissələrinin ən çox zəif olduğunu müəyyən edir və işçiləri bu riskləri tanımağı, onlara qarşı tədbir görməyi öyrədir.
Bu startap insan işçilərinin yanlış qərarlar verməsi və təhlükəli linklərə daxil olması kimi kibertəhlükəsizlik risklərinə qarşı innovativ yanaşmalar təklif edir. Adaptiv Sekuriti, bu yeni investisiya ilə öz platformasının inkişafını daha da sürətləndirməyi planlaşdırır.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
