Amazon, məşhur sosial media platforması TikTok-u tamamilə almaq üçün son anda təklif irəli sürüb. The New York Times-ın məlumatına görə, bu təklif, tətbiqin 5 aprelə qədər Çin şirkətlərinin sahibliyindən çıxmalı və ya ABŞ-də qadağan olunmaq riski ilə üzləşdiyi bir vaxtda təqdim olunub.
Lakin mənbələr bildirir ki, müqavilə üzrə danışıqlara cəlb olunan tərəflər, Amazon-un təklifini ciddi qəbul etmir. Hazırda isə danışıqlar davam edir.
ABŞ prezidenti Donald Trump, çərşənbə günü rəsmilərlə görüşərək TikTok-un gələcəyini müzakirə edəcək. O, daha əvvəl TikTok-un ana şirkəti ByteDance ilə tətbiqin satışı üzrə razılaşmanın 5 aprelə qədər yekunlaşacağını açıqlamışdı.
Bununla yanaşı Financial Times yazır ki, Andreessen Horovitz Oracle-ın rəhbərlik etdiyi təklif çərçivəsində TikTok-a investisiya yatırmaq üçün danışıqlar aparır. Oracle və digər Amerika investorlarının iştirak etdiyi bu təklif hazırda əsas alternativlərdən biri kimi qiymətləndirilir.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
