Bu gün:

Uçurumun kənarında: Dünyanın ən qorxulu yolları


Bu günlərdə əksər avtomobil səfərləri bir növ tıxac, yol işləri və ya gününüzü ləngidən gözlənilməz maneələrlə müşayiət olunur. Amma vəziyyət daha pis ola bilər. 
Məsələn, qarşıdan başqa bir avtomobilin gəldiyi dağ keçidində ehtiyatla irəlilədiyinizi düşünün, burada səhv bir hərəkət faciə ilə nəticələnə bilər.
Bu, dünyanın bir çox bölgələrində insanların üzləşdiyi reallıqdır. A nöqtəsindən B nöqtəsinə getməyin yeganə yolu həyatınızı riskə atmaqdan keçir.


1. James Dalton şossesi, ABŞ


"Buz yolu sürücüləri" televiziya şousu sayəsində məşhurlaşan James Dalton şossesi, Fairbanks şəhərini Arktik dairəsinin üstündə yerləşən Deadhorse icması ilə birləşdirən uzun bir yoldur.
Bu 666 km-lik yol Alyaskalı mühəndis James Daltonun adını daşıyır və neft yataqlarında işləyən işçilərə yanacaq və ləvazimat daşıyan yük maşınları üçün əsas marşrut rolunu oynayır. Yolun yalnız üçdə biri asfaltdır, qalan hissəsi isə boş çınqıl və daşlardan ibarətdir.
Burada qarşılaşacağınız əsas təhlükələr qarlı və buzlu hava şəraitidir. Ancaq bu yolda təcrid olunmuşluq və marşrut boyunca qütb ayılarının olması da riski artıran amillərdəndir.

2. Yungas yolu, Boliviya


Şimali Yungas Yolu dünyanın ən məşhur təhlükəli yollarından biridir və bunun yaxşı bir səbəbi var. Bu 64 km-lik yol, La Paz şəhərini Boliviyanın Yungas bölgəsi ilə birləşdirir və yaxınlıqda daha təhlükəsiz bir şosse açılana qədər hər il orta hesabla 200-300 insanın həyatına son qoyduğu təxmin edilirdi.
Bu qorxulu yol sadəcə dağların arasından keçən çınqıllı bir cığırdan ibarətdir. Burada ən böyük çətinliklər duman və yağış səbəbindən məhdud görünürlük, eləcə də olduqca dar və döngəli keçidlərdir. Üstəlik, qarşıdan gələn nəqliyyat vasitələri avtomobilləri təhlükəli dərəcədə dik uçurumların kənarında bir-birini ötüb keçməyə məcbur edir ki, bu da yolu daha da qorxulu edir.

3. Sichuan-Tibet şossesi, Çin


Sichuan-Tibet Şossesi dünyanın ən hündür yollarından biridir və bu da özünəməxsus çətinliklər yaradır. Qar uçqunlarından və torpaq sürüşmələrindən qaçmaqdan tutmuş, yüksək hündürlüklərdə dar keçidlərdən keçməyə qədər, bu yol hər bir sürücü üçün ciddi bir sınaqdır.
Yolun çətinliyinə baxmayaraq, burası olduqca sıx nəqliyyat axınına malikdir. Daimi tıxaclar və gecikmələr səbəbindən bütün yolu keçmək bəzən 15 gün çəkə bilər. Üstəlik, çətin vəziyyətlərdə sürücülər arasında gərginliklər də yaşana bilər.
Əgər bu yolda səyahət etməyə cəsarət etsəniz, qarla örtülmüş dağlar və dərin, möhtəşəm dərələrlə dolu gözoxşayan mənzərələrlə mükafatlandırıla bilərsiz.


Mənbə: BBC Science Focus Magazine


Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et