Bu gün:

OpenAI SoftBank ilə rekord razılaşmaya imza atdı


ABŞ mərkəzli süni intellekt şirkəti OpenAI Yaponiya investisiya qrupu SoftBank ilə əldə etdiyi razılaşma çərçivəsində 40 milyard dollarlıq sərmayə alıb. Bu, indiyə qədər bir startap üçün həyata keçirilən ən böyük kapital artırımı kimi qeydə alınıb.

OpenAI bu sərmayənin şirkətin bazar dəyərini 300 milyard dollara yüksəltdiyini və bu maliyyələşmənin süni intellekt araşdırmalarını daha irəli aparmağa imkan verəcəyini açıqlayıb. Şirkət bu maliyyənin “süni ümumi intellekt” (AGI) inkişaf etdirmə yolunda kritik bir addım olduğunu vurğulayıb.

SoftBank isə OpenAI-nin “insan intellektini aşan süni super intellekt” (ASI) hədəfini reallaşdırmağa ən yaxın tərəfdaş olduğunu bildirib. Yaponiya investisiya nəhəngi ilkin mərhələdə 10 milyard dollar ayıracağını, müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə isə 2025-ci ilin sonuna qədər daha 30 milyard dollar sərmayə yatıracağını elan edib.

OpenAI bazar ertəsi verdiyi açıqlamada getdikcə artan rəqabət qarşısında daha açıq mənbəli bir məhsuldar süni intellekt modeli hazırladığını bildirib.

Şirkət daha əvvəl qapalı və patentləşdirilmiş modelləri müdafiə edən bir siyasət yürüdürdü. Lakin OpenAI-nin CEO-su Sem Altman "Bunu uzun müddətdir düşünürdük, lakin prioritetlərimiz fərqli idi. Artıq bunu etməyin vacib olduğunu hiss edirik" deyib.

Google kimi qapalı modelləri müdafiə edən şirkətlər açıq mənbəli modellərin zərərli məqsədlərlə istifadəyə və xarici hökumətlərin nəzarətinə daha açıq olduğunu irəli sürür.

Lakin Meta və DeepSeek kimi firmalar öz süni intellekt modellərinin yüklənə və fərdiləşdirilə bilməsini təmin edir. Meta-nın CEO-su Mark Zukerberq Llama modelinin 1 milyard dəfə yükləndiyini açıqlayıb, DeepSeek-in yanvar ayında təqdim etdiyi aşağı maliyyətli R1 modeli isə böyük maraq doğurmuşdu.

Mənbə: TRT Haber
Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et