Bu gün:

"Texnologiyanın inkişafı bəzi işlərin avtomatlaşdırılmasına səbəb olur"


24media.az-ın budəfəki müsahibi HR mütəxəssisi Nigar Təmrazovadır. O, müasir əmək bazarının tələbləri, gənclərin qarşılaşdığı çətinliklər və uğurlu karyera qurmaq üçün vacib məqamlar haqqında danışıb.

-Müasir əmək bazarında ən çox tələb olunan bacarıqlar hansılardır və texnologiyanın inkişafı bu tələbləri necə dəyişir?


Müasir əmək bazarında ən çox tələb olunan bacarıqlar arasında həm texniki, həm də sosial bacarıqlar yer alır. Texniki sahədə proqramlaşdırma və avtomatlaşdırma, data analitikası, sistem idarəçiliyi kimi biliklər ön plandadır. Sosial bacarıqlara isə kreativlik, tənqidi düşünmə, problem həll etmə, effektiv ünsiyyət, komanda işi, emosional intellekt, adaptasiya və liderlik daxildir. Texnologiyanın inkişafı bəzi işlərin avtomatlaşdırılmasına səbəb olur və bu, strateji, analitik və yaradıcı bacarıqların əhəmiyyətini artırır. Həmçinin onlayn iş mühitində rəqəmsal ünsiyyət və uzaqdan işləmə bacarıqları da daha çox tələb olunur.


İş təcrübəsi olmayan gənclər iş tapmaqda hansı əsas maneələrlə qarşılaşırlar və bu maneələri necə aradan qaldırmaq olar?

İş təcrübəsi olmayan gənclər üçün əsas maneələr təcrübənin olmaması, peşəkar şəbəkənin qurulmaması, CV və müsahibə bacarıqlarının zəif olması və praktiki bacarıqların çatışmazlığından irəli gəlir. Bu maneələri aradan qaldırmaq üçün gənclər müxtəlif təcrübə proqramlarında iştirak edə, freelance və könüllü işlərdə çalışaraq öz portfellərini qura, müasir bazara uyğun əlavə kurslar və təlimlər keçərək bacarıqlarını inkişaf etdirə bilərlər. Həmçinin professional networking vasitələri (məsələn, LinkedIn) üzərində aktiv olmaq və mentor tapmaq da işə sahib olmaq şansını artırır. CV və müsahibə hazırlığına xüsusi diqqət yetirmək, öz bacarıqlarını və əldə etdikləri nəticələri konkret nümunələrlə göstərmək də çox vacibdir.


İşəgötürənlər namizədlərdə hansı peşəkar və şəxsi keyfiyyətlərə üstünlük verirlər? 

İşəgötürənlər namizədlərdə əsasən həm peşəkar, həm də şəxsi keyfiyyətlərə üstünlük verirlər. Peşəkar keyfiyyətlərə vəzifəyə uyğun texniki və analitik bacarıqlar, məsuliyyət, vaxt idarəetməsi və işin müvafiq icrasına diqqət daxildir. Şəxsi keyfiyyətlər arasında isə komanda işi, öyrənməğyə meyillilik, inamlı ünsiyyət, problemləri analiz edib, həll etmə qabiliyyəti və adaptasiya bacarığı önə çıxır. 

Uğurlu CV hazırlamaq üçün məlumatların konkret, qısa və oxunaqlı formada təqdim edilməsi, iş elanında vurğulanan bacarıqlara uyğunlaşma və mümkün olduqda təcrübə, kurslar, layihələr kimi əlavə məlumatların daxil edilməsi vacibdir. Müsahibə zamanı isə şirkət və vəzifə haqqında öncədən araşdırma aparmaq, öz bacarıqlarını real nümunələrlə izah etmək, dürüst və aydın cavab vermək, tənqidi düşünmə qabiliyyətini göstərmək və müsahibənin sonunda şirkət haqqında suallar vermək uğurun açarıdır.


Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et