Gerçək bir ürək olmadan yaşamaq insana mümkünsüz görünə bilər. Lakin Avstraliyanın Yeni Cənubi Uels ştatında yaşayan 40 yaşlarında bir kişi üçün bu, bir neçə ay ərzində tamamilə gerçək olub. Titanyumdan hazırlanmış süni ürək onun bütün qan dövranını idarə edir və bədənini həyatda saxlayır. Həmçinin bunu yalnız xəstəxana yatağında deyil, xarici aləmdə də bacarıb. Tibb dünyası bu inkişafla yeni bir dövrə qədəm qoya bilər.

Yeni Cənubi Uelsdə yaşayan bu adam ağır ürək çatışmazlığına malik idi. Ürəyinin həm sağ, həm də sol tərəfi elə vəziyyətdə idi ki, həkimlər başqa bir seçiminin olmadığını düşünərək qərar veriblər. Cəsur bir addım ataraq "BiVACOR" adlanan süni ürəyin bədəninə yerləşdirilməsinə razı olub.
Noyabr ayında baş tutan altı saatlik əməliyyat nəticəsində, ürəyinin yerinə "BiVACOR" yerləşdirilib. Normalda bu cür qurğular yalnız xəstəxana şəraitində sınaqdan keçirilir, lakin o, fevral ayında qurğu ilə birlikdə xəstəxanadan çıxarılaraq bütün həkimləri təəccübləndirib. Xəstəxanaya yaxın bir yerdə yaşayan bu adam normal həyatını davam edib. Mart ayında isə uyğun bir donor ürəyi tapılıb.
Süni ürəyin adı: "BiVACOR"
Avstraliyalı ixtiraçı və biyomedikal mühəndis Daniel Timms tərəfindən hazırlanan bu qurğu gerçək ürək kimi qanı mütəmadi olaraq bədənə və ağciyərlərə pompalayır.
Ən diqqət çəkən xüsusiyyəti isə ürəyin içində yalnız bir hərəkətli hissənin olmasıdır: maqnitlə asqıya alınmış rotor. Bu, mexaniki aşınmanı demək olar ki, sıfıra endirir. Gerçək ürəyin etdiyi kimi qanı pompalayan rotor digər süni ürəklərdən daha davamlı və səssiz işləyir.
Təxminən 1,5 kq ağırlığında olan qurğu xaricdən qoşulmuş bir enerji mənbəyi ilə işləyir. Sinə boşluğuna açılan bir dəlikdən keçən bir kabel vasitəsilə əlaqə qurulur. Gündüzləri batareya ilə işləyən cihaz gecələri isə elektrikə qoşulur. Hazırkı sistemdə batareyaların hər dörd saatda bir dəyişdirilməsi tələb olunur, amma Timms gələcəkdə təmassız şarj xüsusiyyətini gətirməyi planlaşdırır.
BiVACOR’un arxasında duran şəxs Daniel Timms qurğunu dizayn edərkən atasından ilham alıb. Atası uzun müddət ürək çatışmazlığı ilə mübarizə apararaq vəfat edib. Onun xatirəsini yaşatmaq və başqalarının eyni ağrını çəkməməsi üçün bu layihəyə həyatını həsr edib.
Bugünə qədər "BiVACOR" dünya üzrə yalnız altı nəfərə yerləşdirilib. İlk beş şəxs ABŞ-də klinik tədqiqatlarda iştirak edib və hamısı qurğu ilə xəstəxanada təxminən bir ay yaşayıb. Lakin heç biri xəstəxanadan çıxarılmayıb. Bu da Avstraliyalı xəstəni bir ilk edir.
"BiVACOR" hal-hazırda ürək transplantı gözləyən xəstələr üçün müvəqqəti bir həll kimi istifadə olunur. Lakin mütəxəssislərə görə, bir neçə il içərisində bu cür süni ürəklər transplantasiya ehtiyacını tamamilə ortadan qaldıra bilər.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
