
Böyük Britaniyanın Rəqabət və Bazarlar Təşkilatı (CMA), Ticketmaster-in keçən il Oasis-in yenidən birləşmə turu üçün biletləri satışa çıxararkən azarkeşləri yanıltmış ola biləcəyini bildirib.
CMA, şirkətin "platinum" biletləri standart qiymətdən 2,5 dəfə baha satdığını, lakin onların əlavə üstünlüklər təqdim etmədiyini açıqlamadığını qeyd edib. Bu, biletlərin daha yaxşı olduğu təəssüratını yarada bilərdi.
Ticketmaster, biletlərin etiketlənməsini və qiymətlərin göstərilməsini dəyişməyə məcbur edilib. Şirkət CMA-nın tövsiyələrini alqışladığını bildirib.
Qiymət artımı və azarkeşlərin narazılığı
31 avqust 2024-cü ildə satışa çıxarılan Oasis biletləri böyük maraqla qarşılanıb və 900,000-dən çox bilet satılıb. Lakin bəzi azarkeşlər, £135-ə satılan ayaqüstü biletlərin "tələb olunan" etiketiylə £355-ə qədər artırılmasından narazı qalıb.
Oasis-in öz nümayəndələri dinamik qiymət sistemindən xəbərsiz olduqlarını bəyan ediblər. Ticketmaster isə qiymətlərin avtomatik dəyişdirilmədiyini və onların sənətçilər və promouterlər tərəfindən müəyyən edildiyini iddia edib.
CMA, azarkeşlərin real qiymətləri öncədən bilmədiyini və seçim etmək üçün kifayət qədər məlumat almadığını bildirib. Təşkilat, Ticketmaster-in gələcəkdə daha şəffaf olması üçün tədbirlər görəcəyini gözlədiyini vurğulayıb.
Oasis-in turu 4 iyul 2025-ci ildə Kardiffdə başlayacaq.
Mənbə:BBC
Tərcümə etdi: Leila Musayeva
