Böyük Britaniya gələcəkdə ictimai səhiyyə üçün ciddi təhlükə yarada biləcək 24 yoluxucu xəstəlikdən ibarət yeni müşahidə siyahısını hazırlayıb. Siyahıya qlobal pandemiya potensialına malik viruslar, müalicəsi olmayan xəstəliklər və ciddi fəsadlara səbəb ola biləcək patogenlər daxildir. Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatına görə, quş qripi və iqlim dəyişikliyi səbəbindən yayıla biləcək ağcaqanad mənşəli infeksiyalar da siyahıya salınıb. Məqsəd alimləri və investorları yeni testlərin, peyvəndlərin və dərmanların hazırlanmasına yönəltməkdir.

UKHSA-nın baş elmi işçisi professor İzabel Oliverin sözlərinə görə, siyahıda xüsusi reytinq yoxdur, çünki təhdidlər daim dəyişir. O siyahının hər il ən azı bir dəfə yenilənəcəyini bildirib ki, COVID-19 pandemiyası zamanı baş verən gecikmələr təkrarlanmasın. Edinburq Universitetinin professoru Mark Vullhaus qeyd edib ki, COVID-19 yayılanda fərqli bir təhlükəyə uyğunlaşmaq üçün çox vaxt lazım olub və bu da karantin tədbirlərinə gətirib çıxarıb. Onun sözlərinə görə, pandemiyadan sonra mümkün infeksiya risklərini daha yaxşı anlamaq üçün qlobal səviyyədə müxtəlif təşəbbüslər həyata keçirilib və UKHSA-nın patogenlər üzrə prioritetləşdirmə layihəsi bu səylərə mühüm töhfədir.
Siyahıya qızılca virusunu da əhatə edən Paramyxoviridae ailəsi daxildir. Professor Vullhaus bildirib ki, yeni bir qızılca tipli virus sürətlə yayıla, hətta ən sərt karantin tədbirləri ilə belə nəzarət altına alınması mümkünsüz ola bilər. O belə bir virusun COVID-19-dan daha təhlükəli ola biləcəyini və xüsusilə uşaqlar üçün ciddi təhdid yaradacağını vurğulayıb. Professor Oliver əlavə edib ki, UKHSA gələcək yeniləmələr üçün baytarlıq sahəsindəki mütəxəssislərlə də əməkdaşlıq edəcək, çünki yeni və ortaya çıxan infeksiyaların əksəriyyəti heyvanlardan insanlara keçən zoonoz xəstəliklərdir.
Siyahıda antibiotiklərə davamlılıq problemi yaradan qonoreya kimi bəzi bakteriyalar da yer alır. Ümumilikdə, 24 patogen içərisində Adenovirus, Lassa qızdırması, Norovirus, MERS, Ebola, Flaviviridae (Dengə, Zika və Hepatit C), Hantavirus, Krım-Konqo hemorragik qızdırması, qeyri-mövsümi qrip, Nipah virusu, Oropouche, Rift Vadisi qızdırması, kəskin iflic edən miyelit, İnsan metapnevmo virusu (HMPV), Mpox, Chikungunya, Sibir xorası, Q qızdırması, Enterobacteriaceae (E. coli və Yersinia pestis daxil olmaqla), Tularemiya, Moraxellaceae, Gonoreya, Stafilokokk və A və B qrupu Streptokokk bakteriyaları var.
Mənbə: BBC News
Tərcümə etdi: Xavər Məmmədli
