Bu gün:

Cənubi Sudan vətəndaş müharibəsinin astanasında


Birləşmiş Millətlər Təşkilatının Cənubi Sudandakı baş nümayəndəsi Nikolas Heysom xəbərdarlıq edib ki, ölkə yenidən vətəndaş müharibəsi astanasındadır.


2011-ci ildə Sudandan müstəqillik qazandıqdan sonra Cənubi Sudan 2013-cü ilin dekabrında etnik zəmində başlayan vətəndaş müharibəsinə sürüklənib. Bu müharibə nəticəsində 400,000-dən çox insan həlak olub və 2018-ci ildə imzalanan sülh sazişi ilə başa çatıb.

Son gərginliklər ölkənin şimalında, hökumət qüvvələri ilə Ağ Ordu adlı üsyançı milis arasında baş verən döyüşlərdən qaynaqlanıb. Bu milis, vitse-prezident Riek Maçar ilə əlaqəli hesab olunub. Mart ayının əvvəlində BMT-yə məxsus bir helikopter Nasir şəhərindəki döyüşlər zamanı atəşə tutulub və nəticədə bir neçə nəfər, o cümlədən bir cənubi sudanlı general həlak olub.

Heysom bildirmişdi ki, prezident Salva Kiir və vitse-prezident Riek Maçar arasında etimadsızlıq, 2018-ci il sülh sazişinin icrasını və ölkənin sabit, demokratik gələcəyini təhlükə altına alıb. O, həmçinin dezinformasiya və nifrət nitqinin etnik bölünmələri və qorxunu artırdığını vurğulayıb.

BMT və regional tərəfdaşlar yeni bir vətəndaş müharibəsinin qarşısını almaq üçün diplomatik səylərini artırıb. Onlar Kiir və Maçarı fərqliliklərini dialoq yolu ilə həll etməyə, 2018-ci il sülh sazişinə qayıtmağa və atəşkəsə riayət etməyə çağırıblar.


Mənbə: ABC news

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et