Bu gün:

Bir yanğın Avropanın ən işlək hava limanını necə məhv etdi?


Hitrou hava limanında elektrik enerjisi mənbəyində yanğın baş verib və bu, hava limanının fəaliyyətinin dayanmasına səbəb olub. Nəticədən minlərlə sərnişin və milyonlarla funt-sterlinq dəyərində ticarət əməliyyatları təsirlənib. Yanğının xüsusi vacib bir hissəyə ziyan vurduğu və ehtiyat sistemlərin təsirsiz qaldığı məlum olub. Dəqiq səbəb hələ bilinmir.

Hitrou hava limanında elektrik enerjisi mənbəyində baş verən yanğın ciddi fasilələrə səbəb olub. Hava limanı böyük enerji sərf etdiyindən tam ehtiyat gücünə malik olması mümkün deyil. Bəzi əsas sistemlər üçün ehtiyat mənbələr olsa da, bütün hava limanı üçün alternativ enerji təchizatının işə salınması vaxt aparıb. Yanğının təsir etdiyi yarımstansiya minlərlə evin də elektriksiz qalmasına səbəb olub.

Mütəxəssislər Hitrou kimi kritik infrastrukturların yalnız bir enerji mənbəyinə bağlı olmasının ciddi risk yaratdığını bildiriblər. Milli Şəbəkənin yaxınlığında iki yarımstansiya var – biri şimalda, digəri cənubda yerləşir. Lakin yalnız şimaldakı North Hyde yarımstansiyası Hitrouya qoşulu olub. Yanğın burada baş verdiyindən ehtiyat sistemləri tam gücü ilə işləyə bilməyib.

Bu hadisə infrastruktur planlaşdırması ilə bağlı ciddi suallar yaradıb. Hitrou Böyük Britaniyada dayanıqlıq standartlarına malik olan iki hava limanından biridir. Buna baxmayaraq, ehtiyat sistemlərinin uğursuzluğu onun kritik vəziyyətlərdə nə qədər hazırlıqlı olduğunu sual altına qoyub.

Milli İnfrastruktur Komissiyası 2023-cü ildə hökumətə telekommunikasiya, su, nəqliyyat və enerji kimi sektorlar üçün 2025-ci ilə qədər dayanıqlıq standartları müəyyən etməyi tövsiyə edib. Hadisənin səbəbləri araşdırılır və ehtiyat sistemlərin niyə işləmədiyi dəqiqləşdiriləcək. Mütəxəssislər bu tip infrastrukturların tək mənbədən asılılığının azaldılmalı olduğunu vurğulayırlar. Hadisənin yaratdığı müzakirələr uzun müddət davam edəcək.

Mənbə: BBC news

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et