Bu gün:

Microsoft-un dəyəri azalmağa davam edir


Microsoft səhmləri 2008-ci il qlobal maliyyə böhranından bəri ən uzun itki seriyasını yaşayaraq həftə ərzində öz eniş tendensiyasını davam etdirmək riski altında idi. 
Bununla belə, ticarət gününün son dəqiqələrindəki canlanma ilə səhm həftəni 0,7 faiz artımla 391,26 dollara bağladı. Buna baxmayaraq, texnologiya nəhənginin səhmləri hələ də 2025-ci ildə dəyərinin 7 faizini itirib.

Texnologiya dünyasının qabaqcıl şirkətlərindən biri olan Microsoft, xüsusilə süni intellektə etdiyi investisiyalarla diqqət çəkir. OpenAI ilə güclü tərəfdaşlığı, Azure bulud infrastrukturuna çoxmilyardlarla dollar xərcləməsi və generativ süni intellekt həllərinin geniş miqyasda tətbiqi şirkəti sənayenin ən mühüm oyunçularından birinə çevirir. Lakin, bu güclü mövqeyə baxmayaraq, Microsoft səhmləri son vaxtlar ciddi satış təzyiqi ilə üzləşib.

İnvestorlar keçmiş prezident Donald Trampın hakimiyyəti dövründə ABŞ-da tətbiq edilən tariflərin mümkün iqtisadi təsirlərindən narahatdırlar. Bundan əlavə, bazarda yeni startapların, eləcə də Amazon və Google kimi əsas rəqiblərin sürətlə güclənməsi Microsoft-un rəqabət üstünlüyünü çətinləşdirir. Xüsusilə, bu həftə Google-un bulud təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Wiz təşəbbüsünü 32 milyard dollara almaq niyyətini açıqlaması sektorda rəqabətin daha da şiddətlənəcəyini göstərir.ə

2024-cü ilin iyulunda 467,56 dollara çatan Microsoft səhmləri o vaxtdan bəri təxminən 16 faiz itirərək, şirkətin bazar dəyərini 2,9 trilyon dollara endirib. Bundan əlavə, yanvarın 30-da açıqlanan maliyyə hesabatlarında investorları məyus edən zəif gəlir proqnozları da yer alıb.

Microsoftun gələcəkdə necə çıxış edəcəyi süni intellekt və bulud hesablama sektorundakı inkişaflardan asılı olacaq. Şirkətin strateji addımları və bazar şərtləri investorlar üçün müəyyənedici amillər olmağa davam edəcək.

Mənbə: Cnn türk

Tərcümə etdi: Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et