Kirsti Koventri Beynəlxalq Olimpiya Komitəsinin yeni rəhbəri seçilib. O, dəfələrlə Olimpiya çempionu və Zimbabvenin İdman Naziridir.
Koventri gizli səsvermə nəticəsində təşkilat üzvlərinin əksəriyyətinin səsini qazanaraq BOK-a rəhbərlik edən ilk qadın olub.
2013-cü ildən BOK-a rəhbərlik edən Tomas Bax bu yay vəzifəsini tərk edəcək. BOK-un yeni prezidenti vəzifəsinin icrasına 24 iyun 2025-ci ildə başlayacaq.
Kirsti Koventri üzgüçülük üzrə ikiqat Olimpiya çempionu, dəfələrlə dünya çempionatlarının qalibi və medalçısı, bir neçə dəfə dünya rekordçusudur. O, Zimbabve tarixində ən çox medal qazanan idmançıdır. O, Zimbabvenin indiyə qədər qazandığı səkkiz Olimpiya medalından yeddisini qazanıb. Zimbabvenin keçmiş prezidenti Robert Muqabe Koventrini “qızıl qız” adlandırıb. Bundan əlavə, idman karyerası boyunca o, beş dəfə Afrikanın ən yaxşı üzgüçüsü kimi tanınıb.
2013-cü ildən Koventri BOK və Zimbabve Olimpiya Komitəsinin üzvüdür. 2018-ci ildən o, Zimbabvenin İdman, İstirahət, İncəsənət və Mədəniyyət naziri vəzifəsində çalışır.
Mənbə: BBC
Tərcümə etdi: Fatimə Umarbəy