İlon Mask-ın sahibi olduğu sosial media platforması X (keçmiş Twitter), kapital artımından sonra yenidən 44 milyard dollar dəyərə yüksəlib. Financial Times-ın hesabatına görə, platformanın qiymətləndirilməsi Maskın 2022-ci ildə satın aldığı dəyərə bərabər olub.
Bununla belə, Bloomberg-in məlumatına əsasən, X investorlar vasitəsilə təxminən 1 milyard dollar cəlb edib və bu razılaşma platformanın dəyərini 32 milyard dollar olaraq qiymətləndirib. Hesabata görə, Mask da bu investisiya prosesində iştirak edib.
İki fərqli qiymətləndirməyə baxmayaraq, şirkətin dəyərinin kəskin artması diqqət çəkir. Fidelity Investments keçən ilin sentyabrında X-in ümumi dəyərini 10 milyard dollardan aşağı hesablamışdı.
Maliyyə göstəricilərinə gəldikdə, X platformasının gəliri Mask-ın idarəçiliyi dövründə azalsa da, 2024-cü il üçün faizlər, vergilər və amortizasiya çıxılmadan hesablanmış gəliri 1,2 milyard dollar təşkil edib. Financial Times-ın hesabatına görə, bu məbləğ platformanın Mask-dan əvvəlki dövrdəki gəliri ilə təxminən eynidir.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə