Kosmik fəzada sıxlıq artır, indiyə qədər orbitə 20 mindən çox peyk buraxılıb və qarşıdakı illərdə minlərlə yeni peykin göndərilməsi planlaşdırılır. Peyklər orbitdə qalmaq, trayektoriyasını tənzimləmək və nəhayət, nəzarətli şəkildə orbitdən çıxmaq üçün hərəkət sistemlərinə ehtiyac duyur. Mövcud peyk mühərrikləri əsasən kimyəvi və ya elektrik əsaslıdır. Kimyəvi mühərriklər yüksək itələmə qüvvəsinə malik olsa da, səmərəliliyi aşağıdır. Elektrik mühərrikləri isə əksinə, yüksək səmərəliliyə malikdir, lakin itələmə qüvvəsi zəifdir.

"Magdrive" şirkəti bu problemi həll etmək üçün yeni növ mühərrik hazırlayır. İlk modeli – Warlock – 2025-ci ilin iyununda orbitə göndəriləcək. Bu sistem elektrik enerjisi ilə işləyir, lakin qaz əsaslı yanacaq əvəzinə bərk metal ionlaşdırır. Metal daha sıx olduğu üçün az yer tutur və təzyiqli qaz çənlərindən fərqli olaraq təhlükəsizdir. Hal-hazırda sistemdə əsasən mis istifadə edilir, lakin istənilən metal uyğun ola bilər. Mühərrik işləyərkən metal plazmaya çevrilir və yüksək sürətlə püskürərək itələmə qüvvəsi yaradır.
Hazırda sistem yenidən doldurula bilmir, lakin gələcəkdə istifadə olunmayan peyklərdən metal əldə edərək yanacaq kimi istifadə etmək mümkündür. Bu konsepsiya reallaşarsa, kosmik iqtisadiyyat üçün davamlı bir yanacaq mənbəyi yaradıla bilər. Lakin bu yanaşma hüquqi və texniki çətinliklərlə üzləşir. BMT-nin Kosmik Fəza Müqaviləsinə görə, orbitdəki obyektlərə sahiblik dəyişmir və onların təkrar emalı üçün ilkin sahibin icazəsi tələb olunur. Bundan əlavə, peyklərin toplanması və emalı üçün texnologiyalar hələ tam inkişaf etməyib.
Bərk metal yanacağın istifadəsi bir sıra üstünlüklər və çətinliklər yaradır. Bu texnologiya peyk istehsalında sadələşdirilmiş dizayn və daha az yer tutma imkanı yaratsa da, işləmə zamanı yaranan metal plazma peyklərin optik sistemləri və günəş panelləri üçün çirklənmə riski yarada bilər. Bundan başqa, yanacaq təkrar istifadəyə yararlı olsa da, yüksək dəqiqlikli manevrlər üçün lazımi stabillik təmin edilə bilmir. Bununla belə, Magdrive texnologiyası kosmik nəqliyyat sahəsində yeni perspektivlər açır və gələcəkdə kosmik tullantıların istifadəsi məsələsini yenidən gündəmə gətirə bilər
Mənbə: CNN News
Tərcümə etdi: Xavər Məmmədli
