San-Xose, 2025 – Nvidia humanoid robotlar üçün yeni süni intellekt modeli Groot N1-i təqdim edib. GTC 2025 konfransında elan edilən bu model, həm sintetik, həm də real məlumatlarla öyrədilmiş "ümumi məqsədli" bir sistemdir.

Şirkətin məlumatına görə, Groot N1 "ikili sistem arxitekturası" ilə insan idrakından ilhamlanaraq "sürətli və yavaş düşünmə" prinsipləri əsasında işləyir. Bu xüsusiyyət sayəsində robotlar ətraf mühiti qavramaq, göstərişləri təhlil etmək və uyğun qərarlar vermək bacarığına malik olacaq.
Groot N1, Nvidia-nın keçən il təqdim etdiyi Project Groot modelinin inkişaf etdirilmiş versiyasıdır. Əvvəlki model əsasən sənaye sahələrinə yönəlmişdi. Yeni versiya isə humanoid robotlara geniş tətbiq sahələri təqdim edir və müxtəlif formalar üçün uyğunlaşdırılıb.
Nvidia-nın verdiyi məlumata görə, Groot N1 robototexnika sahəsində inqilabi yeniliklərə yol açacaq və daha ağıllı, müstəqil hərəkət edə bilən robotların inkişafını sürətləndirəcək.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
