İsrail qırıcıları gecə boyu Qəzza zolağını bombardman edərək, yanvar ayında qüvvəyə minən və indiyə qədər davam edən kövrək atəşkəsi pozublar.
Baş nazir Benyamin Netanyahu HƏMAS-ın ölümcül hava hücumlarını yeniləməsinə görə məsuliyyəti onun üzərinə atıb.
İsrail lideri bəyanatında bildirib ki, hərbçilərə HƏMAS-ın "girovlarımızı azad etməkdən dəfələrlə imtina etməsi" və ABŞ-nin təkliflərini rədd etməsindən sonra ona qarşı "güclü addımlar atmaq" tapşırılıb.
Yerli mətbuatda yayılan məlumata görə, İsrailin hərbi mənbələri son günlər HƏMAS-ın qüvvələrini yenidən toplamaq üçün fəallığını artırdığını müşahidə ediblər.
Atəşkəs əsasən dünən gecəyə qədər davam etsə də, Qəzzada HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin rəsmiləri yanvar ayından bu yana İsrailin hücumları nəticəsində 140-dan çox insanın öldüyünü bildiriblər.
Son həftələr İsrail ordusu Qəzzada yerləşən qoşunları üçün təhlükə yaradan və HƏMAS döyüşçüsü kimi müəyyən edilən hədəflərə dəfələrlə zərbələr endirib.
Lakin Netanyahunun HƏMAS-a qarşı hücumu yeniləmək qərarının səbəbləri mübahisə doğurur.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
