Sosial media istifadəçiləri Google-un yeni süni intellekt modeli Gemini 2.0 Flash-ın mübahisəli bir xüsusiyyətini kəşf ediblər. Yeni model, şəkillərdən su nişanlarını silə bilir və bu, müəllif hüquqları ilə qorunan vizual materialların icazəsiz istifadəsinə səbəb ola bilər.

TechCrunch xəbər verir ki, istifadəçilər Gemini 2.0 Flash-ın Getty Images və digər məşhur stok foto agentliklərinə aid şəkillərdən su nişanlarını asanlıqla sildiyini aşkarlayıblar.
Keçən həftə Google, bu süni intellekt modelinin şəkil yaratma və redaktə imkanlarını genişləndirdi. Lakin görünür ki, modeldə ciddi məhdudiyyətlər mövcud deyil. Gemini 2.0 Flash, təkcə su nişanlarını silmək deyil, həm də silinmiş nişanın yerini doldurmaq üçün uyğun vizual elementlər əlavə etmək qabiliyyətinə malikdir.
Sosial media platformalarında istifadəçilər bu alətin müəllif hüquqlarını pozmaq üçün istifadəsinə dair narahatlıqlarını ifadə ediblər. Gemini 2.0 Flash-ın, su nişanı olan şəkilləri dəyişdirə bilməsi, fotoqraflar və media şirkətləri üçün yeni problemlər yarada bilər.
Hazırda Google bu xüsusiyyətlə bağlı rəsmi açıqlama verməyib. Lakin süni intellektin etik istifadəsi ilə bağlı müzakirələr getdikcə daha da aktuallaşır.
Mənbə:Techcrunch
Tərcümə etdi:Zeynəb Yunuszadə
