Bu gün:

ABŞ və G7 Ukraynanı sülhə çağırır


Birləşmiş Ştatlar cümə günü Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək və Rusiyanı atəşkəsi qəbul etməyə vadar etmək üçün G7 müttəfiqlərinə yaxınlaşıb. 

G7 xarici işlər nazirlərinin birgə kommunikesi ABŞ-nin müttəfiqləri ilə prezident Donald Tramp arasında onun Qərb ticarəti, təhlükəsizlik və Ukrayna ilə bağlı siyasətini dəyişməsi ilə əlaqədar həftələrdir davam edən gərginlikdən sonra qəbul edilib. G7 rəsmiləri geniş geosiyasi məsələləri əhatə edən sənədlə bağlı razılığa gələ bilməyəcəklərindən narahat olublar. Fikir ayrılıqlarının həm Rusiya, həm də Çinin xeyrinə işləyə biləcəyi vurğulanıb.

Görüşdən sonra jurnalistlərə açıqlama verən dövlət katibi Marko Rubio ABŞ-nin birgə bəyanatdan razı qaldığını bildirib. Kanada Xarici İşlər Naziri Melanie Joly isə jurnalistlərə "Müxtəlif məsələlərlə, xüsusən də Ukrayna və Yaxın Şərqlə bağlı sessiyalar keçirmişik. Məqsəd güclü G7 birliyini qorumaq idi" deyə açıqlama verib.

Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ-dən ibarət Yeddilik Nazirlər Qrupu Avropa İttifaqı ilə birlikdə Kvebek təpələrində yerləşən La Malbaie adlı ucqar turistik qəsəbədə cümə axşamı və cümə günləri geniş konsensusa əsaslanan görüşlər üçün toplaşıb. Lakin Kanada sədrliyində keçirilən ilk G7 görüşü ərəfəsində Ukrayna, Yaxın Şərq və Vaşinqtonun Çinlə bağlı daha sərt ifadələr istəməsi səbəbindən yekun bəyanatın hazırlanması çətinləşib.

Kommunike "Ukraynanın ərazi bütövlüyünü, mövcudluq hüququnu, azadlığını, suverenliyini və müstəqilliyini müdafiə etməkdə onlara sarsılmaz dəstəyi" bir daha təsdiqləyib. Yanvarın 20-də Tramp administrasiyası hakimiyyətə gələndən sonra Ukraynanın ərazi bütövlüyü ABŞ-nin gündəmində əsas yer tutmayıb. Trampın rəhbərliyi altındakı ABŞ indiyədək Kiyevin müəyyən əraziləri güzəştə getmə ehtimalını istisna etməyib.

Rəsmilər ABŞ-nin Ukraynaya dair bəyanatın bəzi hissələrini təsdiqləməsinə təəccübləndiklərini bildiriblər. Onlar, o cümlədən Rubio, amerikalı diplomatlara Ağ Evin bu mövqeyi dəstəkləyib-dəstəkləmədiyini dəfələrlə soruşublar. ABŞ-nin hazırda Rusiyaya təzyiq göstərmək səylərinə uyğun gələn cümə günü qəbul edilən nəticələrdən məmnun qaldıqları bildirilsə də, Tramp administrasiyasının siyasətindəki dəyişikliklərin bu mövqeyi tam qətiləşdirmədiyi qeyd edilib.

Mənbə: Reuters

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et