Ukrayna Prezidenti Volodimir Zelenski, Türkiyə ilə Azad Ticarət Sazişini təsdiqləməyə hazır olduqlarını açıqlayıb.
Zelenski sosial media hesabında verdiyi açıqlamada Kiyevdə kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı, ticarət naziri Ömər Bolat və Türkiyənin iş dünyasının nümayəndələrini qəbul etdiyini bildirib.
Zelenski qeyd edib ki, sözügedən görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla son görüşlərinin nəticəsi olaraq təşkil edilib və “Türk iş dünyasının Ukraynada olması vacibdir” ifadəsini işlədib.
O, görüş zamanı Ukraynada ədalətli və davamlı sülhün təmin edilməsi üçün göstərilən səylər, Türkiyə və Ukrayna arasındakı əlaqələrin inkişafı, müxtəlif növ pilotsuz uçuş aparatlarının (PUA) istehsalı sahəsində əməkdaşlıq imkanları, eləcə də türk şirkətlərinin Ukraynanın yenidən qurulmasında iştirakı məsələlərinin müzakirə edildiyini bildirib.
Zelenski Ukrayna ilə Türkiyə arasında Azad Ticarət Sazişini təsdiqləməyə hazır olduqlarını vurğulayaraq “Ölkəmiz Türkiyəni həm strateji tərəfdaşlarından biri, həm də təhlükəsizlik zəmanəti tərəfdaşlarından biri kimi görür və Prezident Ərdoğanın yaxınlaşan səfəri zamanı Türkiyə ilə Azad Ticarət Sazişini təsdiqləməyə hazırdır” ifadəsini işlədib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fatimə Hüseynova