Bu gün:

Neapolda zəlzələdən sonra sakinlərin vəziyyəti


İtaliyanın Neapol şəhərində və ətraf bölgələrdə bir çox insan zəlzələ nəticəsində binaların silkələnməsindən və dağıntıların yerə tökülməsindən sonra gecəni küçələrdə və avtomobillərində keçirib.

İtaliyalı seysmoloqların verdiyi məlumata görə, 4,4 bal gücündə zəlzələ cümə axşamı yerli vaxtla saat 01:25-də (GMT 00:25) Pozzuoli və Baqnoli arasındakı sahildə 3 km dərinlikdə baş verib.

Zəlzələ Neapolda hiss edilib və şəhərin bəzi yerlərində enerji təchizatı müvəqqəti kəsilib.

İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu (INGV) yaxınlıqdakı Campi Flegrei vulkanik kraterinin püskürməsinin qaçılmaz olduğuna dair "heç bir dəlil" olmadığını bildirib.

Zəlzələnin episentrinə yaxın Baqnoli bölgəsində bir qadın yüngül xəsarətlərlə qismən dağılmış evin dağıntıları altından çıxarılıb.

Neapol İtaliyanın cənubunda yerləşən və seysmoloji cəhətdən aktiv olan Campi Flegrei vulkanik hövzəsinin üzərində yerləşir.

Cümə axşamı baş verən zəlzələ Kampaniya bölgəsinin bir çox hissəsində hiss edilib.

Bu zəlzələnin miqyası 2024-cü ilin mayında Campi Flegrei bölgəsində baş vermiş və son 40 ilin ən güclüsü hesab edilən zəlzələ ilə müqayisə olunacaq dərəcədə olub.

Zəlzələdən sonra altıya qədər zəif yeraltı təkan qeydə alınıb. Hadisədən qorxan insanlar evlərini tərk edərək Neapol küçələrinə toplaşıblar. Yerli kilsənin zəng qülləsi zədələnib və bir neçə avtomobilin ön şüşəsi qırılıb.

Pozzuolidə bir sakin İtaliya televiziyasına bildirib ki, son 2 ildə baş verən yeraltı təkanlar "keçmişdə yaşananlardan fərqli bir fenomen" kimi görünür və bu sakinlərdə narahatlıq yaradır.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et