Vaşinqton, ABŞ Ədliyyə Nazirliyi (DOJ) Google-un Chrome veb brauzerini satması ilə bağlı tələbində israrlıdır. Cümə günü məhkəməyə təqdim olunan sənəddə, nazirlik Google-un bazardakı üstün mövqeyinin rəqabətə ziyan vurduğunu iddia edib.

Ötən il DOJ, o vaxt prezident olan Joe Biden administrasiyası dövründə, Google-un Chrome-u satmasını təklif etmişdi. Görünür ki, ikinci Trump administrasiyası dövründə də bu mövqedə qalmaqda davam edir.
Lakin nazirlik, əvvəlki tələbindən fərqli olaraq, artıq Google-un süni intellekt sahəsindəki bütün investisiyalarını satmasını istəmir. Bu, şirkətin süni intellekt startapı Anthropic-ə yatırdığı milyardlarla dolları əhatə edir.
Məhkəmə sənədində qeyd olunur ki, Google-un "qanunsuz fəaliyyəti iqtisadi nəhəng yaradıb və bu, bazara zərər verərək şirkətin həmişə qalib gəlməsinə imkan yaradır". Bəyanatı, hazırda rəqabət qanunlarını tətbiq edən baş prokuror əvəzi Omeed Assefi imzalayıb.
Google isə hələ ki, DOJ-un son açıqlamasına rəsmi cavab verməyib.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
