IPO-ya hazırlaşan fintech şirkəti Klarna-nın təsisçisi və CEO-su Sebastian Siemiatkowski, şirkətinin təxminən bir il əvvəl Salesforce-un əsas CRM məhsulundan imtina edərək öz daxili süni intellekt sisteminə keçməsinin səbəblərini izah etmək üçün yenidən X platformasında paylaşım edib.

Lakin bu dəfə Siemiatkowski vurğulayıb ki, o, digər şirkətlərin bu addımı atacağını və ya atmalı olduğunu düşünmür. O yazıb: “Düşünmürəm ki, bu, Salesforce-un sonu olsun. Əksinə də ola bilər”.
Klarna-nın OpenAI-nin ChatGPT-si əsasında öz daxili süni intellekt sistemini inkişaf etdirdiyi və Salesforce CRM üçün müqavilədən imtina etdiyi xəbəri sentyabr ayında viral olmuşdu.
Bu xəbər, Siemiatkowski-nin investorlarla görüşündə Salesforce-dan imtina etdiklərini açıqlamasından sonra yayılmışdı. O, Klarna-nın daxili ChatGPT ilə gücləndirilmiş müştəri xidmətləri botunun 700 tam ştatlı müqaviləli işçini əvəz etdiyini və şirkətə ildə təxminən 40 milyon dollar qənaət gətirdiyini bildirmişdi.
Mənbə: TechCrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
