Bu gün:

8 Mart: Beynəlxalq Qadınlar Gününün tarixi


Beynəlxalq Qadınlar Günü hər il 8 Martda qeyd olunur, qadınların hüquq və bərabərlik uğrunda mübarizəsinə əsaslanır. Onun tarixi XX əsrin əvvəllərinə gedib çıxır. O zaman qadınlar bütün dünyada əmək şəraitinin yaxşılaşdırılması, bərabər maaş və seçki hüququ uğrunda mübarizəyə başlayıblar.


Hərəkatın başlanğıcı:


1908-ci il, ABŞ: Nyu-Yorkda tekstil fabriklərinin qadın işçiləri iş saatlarının azaldılması, əməkhaqqının artırılması və seçki hüququnun verilməsini tələb edərək yürüş keçiriblər. Bu hadisə qadın hərəkatının başlanğıcı olub.


1909-cu il, ABŞ: Amerika Sosialist Partiyasının təşəbbüsü ilə 28 fevralda ilk dəfə Milli Qadınlar Günü qeyd olunub.


Beynəlxalq tanınma:


1910-cu il, Danimarka: Kopenhagendə keçirilən İkinci Beynəlxalq Sosialist Qadınlar Konfransında alman sosialist Klara Setkin hər il qadın hüquqları uğrunda mübarizəni qeyd etmək üçün Beynəlxalq Qadınlar Gününün təsis edilməsini təklif edib. O zaman konkret tarix müəyyən edilməyib, lakin ideya böyük dəstək qazanıb.


1911-ci il: Beynəlxalq Qadınlar Günü ilk dəfə 19 martda Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd olunub. Aksiyalarda bir milyondan çox insan iştirak edib.


8 Mart tarixinin müəyyən edilməsi:


1917-ci il, Rusiya: 8 mart (yuli təqvimi ilə 23 fevral) Petroqradda (indiki Sankt-Peterburq) qadınlar “çörək və sülh” tələb edərək kütləvi etiraz aksiyalarına başlayıblar. Bu hadisələr Fevral inqilabının başlanğıcı olub. Daha sonra məhz bu gün Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmağa başlanılıb.


Rəsmi tanınma:


1977-ci il: Birləşmiş Millətlər Təşkilatı (BMT) 8 martı rəsmi olaraq Beynəlxalq Qadınlar Günü elan edib və üzv ölkələri bu günü qadın hüquqları və beynəlxalq sülh günü kimi qeyd etməyə çağırıb.


Bu gün 8 Mart dünyanın bir çox ölkələrində qeyd edilir və qadınların cəmiyyətin inkişafına verdiyi töhfələri tanımaq, gender bərabərliyinin vacibliyini vurğulamaq üçün bir fürsətdir.


Mənbə: Rbc


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et