Argentinanın ən böyük şəhərlərindən biri cəmi dörd saat ərzində dörd aydan çox yağan yağış miqdarına bərabər olan güclü daşqınlara məruz qalıb.
Cümə günü yerli vaxtla saat 04:00-da (GMT 07:00) Buenos-Ayres əyalətindəki Bahía Blanca şəhərinə yağan güclü yağış küçələri çaylara çevirib və şəhərin böyük hissələrini işıqsız qoyub.
Yerli xəstəxanada sel suları binaya daxil olduqdan sonra yeni doğulmuş körpələr təxliyə edilib. Digər yerlərdə isə 40-dan çox ailə evlərini tərk etmək məcburiyyətində qalıb və hava limanı bağlanıb.
Yerli hakimiyyət məktəbləri bağlayıb, ictimai nəqliyyatın fəaliyyətini dayandırıb. Sakinlərə növbəti xəbərdarlığa qədər evdə qalmaları tövsiyə olunub.
Səlahiyyətlilər artıq 250 mm (10 düym) qədər yağışın düşdüyünü və fırtına səngiməzdən əvvəl daha 50-100 mm yağışın gözlənildiyini bildiriblər. Şəhərə adətən ildə 600-650 mm yağış düşür.
Sosial şəbəkələrdə yayılan görüntülərdə daşqın sularının maşınları apardığı görünür.
"İqlim fövqəladə vəziyyəti və sakinlərin təhlükəsizliyini qorumaq üçün Bahia Blanca Bələdiyyəsi növbəti bildirişə qədər bütün fəaliyyət növlərini tamamilə dayandırmağı əmr edir",- deyə yerli rəsmilər açıqlayıb.
Bahia Blanca fövqəladə vəziyyət altındadır və səlahiyyətlilər şəhərin müxtəlif yerlərində bir neçə evakuasiya mərkəzi açıb.
Təxminən üçdə bir milyon əhalisi olan Bahia Blanca Buenos Ayres əyalətinin cənub-qərbində yerləşən əsas liman şəhəridir.
Argentinanın Meteorologiya Xidməti bölgədə fırtınalar üçün qırmızı xəbərdarlıq elan edərək növbəti güclü yağışların saatda 90 km-ə çatan küləklər və arabir dolu ilə müşayiət olunacağını bildirib.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
