Kosmosda Yerə bənzər planetlərin axtarışı sürətlə davam edir. Hər yeni kəşf insanlığı kainatda tək olub-olmadığımız sualına bir addım daha yaxınlaşdırır. Son olaraq, astronomlar Günəşə bənzər bir ulduzun ətrafında dövr edən və potensial olaraq yaşamaq üçün əlverişli xüsusiyyətlərə malik bir planet aşkarlayıb. "HD 20794 d" adlandırılan bu Super-Yer elmi dairələrdə böyük maraq yaradıb. Xüsusilə, atmosferin araşdırıla bilməsi onu daha da diqqətəlayiq edir.

Bu mühüm kəşf Kanar adaları Astrofizika İnstitutu (IAC) və La Laguna Universitetinin (ULL) astronomları tərəfindən həyata keçirilib.
Tədqiqatçılar "HD 20794 d" planetini müəyyən edə bilmək üçün 20 ildən çoxdur ki, məlumat toplayıb. "HD 20794" Günəşdən bir qədər kiçik bir ulduzdur və Yerdən cəmi 20 işıq ili uzaqlıqda yerləşir. Son illərdə aparılan müşahidələr bu ulduzun ətrafında bir neçə planetin mövcud olduğunu göstərib. Lakin yeni kəşf edilən "HD 20794 d" ilk dəfə olaraq ulduzun yaşanabilən zonasında yerləşən bir planet kimi qeydə alınıb.
Planetin quruluşu hələ dəqiq məlum deyil. O daşlıq quruluşa malik Yerə bənzər bir planet də ola bilər, sıx atmosferlə örtülü mini-Neptun tipli bir obyekt də. Lakin ən diqqətçəkən xüsusiyyətlərindən biri, ulduzundan olan məsafəsi səbəbindən yaşanabilir zonada yerləşməsidir.
"HD 20794 d" ulduzunun ətrafında 647 gündə bir tam dövr edir. Bu dövr Marsın Günəş ətrafındakı orbitinə olduqca yaxındır. Ən vacib məqam isə planetin səthində maye suyun mövcud olma ehtimalıdır. Bildiyimiz həyat formalarının varlığı üçün maye su əsas şərtlərdən biridir.
Bununla belə, planetin orbitindəki bəzi dəyişikliklər səbəbindən yaşanabilir zonanın içərisinə və xaricinə keçə bilməsi mümkündür. Bu isə onun səth temperaturunda əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. Lakin bu tip planetlərin öyrənilməsi, yaşama əlverişli şərtlərin necə formalaşdığını və dəyişdiyini anlamaq baxımından mühüm rol oynayır.
Bu kəşf Yerə bənzər planetləri daha yaxşı anlamaq üçün böyük bir addım hesab edilir. Üstəlik, "HD 20794 d" cəmi 20 işıq ili uzaqlıqda yerləşdiyindən, gələcək kosmik missiyalar üçün ən əlçatan hədəflərdən biri ola bilər. Əgər planetin atmosferində həyatın kimyəvi izləri aşkar edilərsə, kainatda tək olub-olmadığımız sualına cavab tapmaq yolunda əhəmiyyətli bir irəliləyiş əldə ediləcək.
Yaxın gələcəkdə JWST (James Webb Kosmik Teleskopu) və ELT kimi inkişaf etmiş teleskoplarla aparılacaq müşahidələr bu sirli Super-Yer haqqında daha çox məlumat əldə etməyimizə imkan yaradacaq.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
