Alimlər müəyyən ediblər ki, dövmə mürəkkəbinə məruz qalan insanların tatuirovkası olmayanlara nisbətən lenfoma və dəri xərçənginə tutulma ehtimalı daha yüksəkdir.

“Science Daily” xəbər verir ki, Cənubi Danimarka Universiteti və Finlandiyanın Helsinki Universitetinin alimləri dövmə mürəkkəbinin bədənə təsirini araşdırmaq üçün 5900-ə yaxın əkiz bacının sağlamlıq məlumatlarını araşdırıblar.
Genetik fərqləri minimuma endirmək üçün əkizlər üzərində aparılan araşdırmaları nəzarət altına alan tədqiqatçılar dövmələri olan insanların heç bir dövməsi olmayanlara nisbətən dəri xərçənginə tutulma riskinin 1,62 dəfə daha yüksək olduğunu tapıblar.
Tədqiqatçılar həmçinin dövmə ölçüsü ilə xərçəng riski arasındakı əlaqəni araşdırıblar və "ovucunun içindən daha böyük" dövmələri olan insanların, tatuirovkası olmayanlara nisbətən dəri xərçəngi riskinin 2,37 dəfə, lenfoma riskinin isə 2,73 dəfə artdığını aşkar ediblər.
Tədqiqat müəyyən edib ki, mürəkkəb rənginin xərçəng inkişafı ilə birbaşa əlaqəsi yoxdur.
Tədqiqatçılar deyirlər ki, dövmə mürəkkəbindəki kiçik hissəciklər qan dövranına daxil olub limfa düyünlərində toplanaraq immunitet sistemini gərginləşdirir və uzun müddətdə xərçəng riskini artırır.
Həmçini onlar dövmə mürəkkəbinin təkbaşına risk faktoru sayıla bilməyəcəyini anlamaq üçün daha böyük tədqiqatlara ehtiyac olduğunu söyləyərək yüksək səviyyəli qurumları bu mövzuda yoxlamaları gücləndirməyə çağırıblar.
Araşdırmanın nəticələri "BMC Public Health" jurnalında dərc olunub.
Tərcümə etdi: Çinarə Tarverdiyeva
Mənbə: haberturk
