Ukraynanın Böyük Britaniyadakı səfiri iddia edib ki, ABŞ mövcud dünya nizamını "məhv edir".

Valeri Zalujnı Ağ Evin "Qərb dünyasının birliyini şübhə altına aldığını" və 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğala başlayan Rusiyaya doğru getdikcə daha çox addım atdığını bildirib.
Bu açıqlamalar ABŞ-nin Ukraynaya güzəştə getməsi üçün təzyiq göstərdiyi bir vaxta təsadüf edir. Bu, istənilən sülh danışıqları öncəsi və Ukrayna prezidenti Vladimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında açıq qarşıdurmanın fonunda baş verir.
Zelenski bundan sonra Trampın "güclü rəhbərliyi altında işləməyə hazır olduğunu" bəyan edib. Bu açıqlama Tramp tərəfindən alqışlanıb və ABŞ-nin Kiyevə hərbi yardımı dayandırmasından sonra yaranan gərginlik fonunda açıq-aşkar yumşalma kimi qiymətləndirilib. Lakin Zalujnının cümə axşamı Londondakı Chatham House konfransında verdiyi açıqlamalar ABŞ-nin hərəkətlərindən narazılığın hələ də qaldığını göstərir.
Mənbə: BBC
Tərcümə etdi: Gülçin Abdullayeva
