
İqlim dəyişikliyi Antarktidadakı buzlaqların əriməsinə səbəb olarkən, “A23a” adlı nəhəng aysberq bir müddətdir Cənubi Atlantik Okeanında hərəkət edir və elm dünyasında narahatlıq doğurur. 40 il hərəkətsiz qaldıqdan sonra müəyyən müddət hərəkət edən bu aysberq dünən quruya oturub.
Bəs o, hara çırpılıb və bu vəziyyət hansı təhlükələri yaradır?
İqlim dəyişikliyi bütün dünyada təbii ekosistemlərə dərindən təsir edən bir prosesdir. İnsan fəaliyyəti, qalıq yanacaqların istifadəsi və istixana qazlarının emissiyası qlobal temperaturun artmasına və qütb buzlaqlarının əriməsinə səbəb olur. Bu proses isə dəniz səviyyəsinin qalxması, okean cərəyanlarının dəyişməsi və biomüxtəlifliyin təhlükə altında qalması kimi nəticələr doğurur. Xüsusilə Antarktida və Qrenlandiyada buzlaqların əriməsi, nəhəng aysberqlərin qoparaq okeanlara qarışmasına gətirib çıxarıb və bu hal hələ də davam edir.
Son dövrdə A23a adlı nəhəng aysberqin Cənubi Atlantik Okeanında irəliləməsi elm insanlarını və ekoloqları ciddi şəkildə narahat edirdi. Dünən isə bu buz parçası quruya oturub.
A23a-nın ölçüsü və təsiri
A23a 1986-cı ildə Antarktidadakı Filçner Buz Şelfindən qopub. Ekseter Universitetinin qütbşünası Martin Sigertin sözlərinə görə, bu aysberqin uzunluğu onlarla kilometr, dərinliyi isə bir neçə yüz metrdir. A23a 1,400 kvadrat mil (təxminən 3,632 kvadrat kilometr) ərazini əhatə edir. Bu, Nyu York, Los Anceles və Hyuston şəhərlərini tamamilə örtəcək qədər böyük bir sahədir. Nəhəng ölçüsünə görə A23a kontinental şelf ətrafında dəniz dibinə ilişib qalıb. 1962-ci ildə qurulan və Antarktida ilə ətraf okeanlarda elmi araşdırmalar aparan Britaniya Antarktika Tədqiqatının elmi rəhbəri Endryu Meycers, bu aysberqin 2020-ci ilə qədər sabit qaldığını və əriməsi nəticəsində parçalarının suya düşdüyünü bildirir. 2024-cü ilin aprelində isə yenidən hərəkətə keçib və nəticədə quruya oturub.
Bəs buz parçası hara çırpılıb?
A23a Cənubi Corciya adasının sahillərinə çırpılıb. Bu ada, Cənubi Amerikadan Antarktika yarımadasına qədər uzanan Şotlandiya silsiləsi adalarının ortasında yerləşir. Bu hadisə adadakı pinqvinlər və suitilər kimi yerli canlılar üçün ciddi təhlükə yarada biləcək bir vəziyyət kimi qiymətləndirilirdi. Çünki aysberqin hərəkəti dəniz canlıları üçün təhlükə doğura biləcək bir ssenari yarada bilərdi. Lakin hələlik aysberqin quruya oturması bu narahatlıqları bir qədər azaldıb. Əksinə, bəzi ekspertlər bu vəziyyətin ekosistem üçün müəyyən faydalar da verə biləcəyini bildirirlər.
Britaniya Antarktika Tədqiqatının (BAS) okeanoloqu Endryu Meycers hesab edir ki, A23a-nın quruya oturması vəhşi təbiətə ciddi təsir göstərməyə bilər.
"Aysberq burada qaldığı müddətdə, Cənubi Corciya adasının ekosisteminə əhəmiyyətli bir zərər verməyəcəyini düşünürük", – deyə o bildirib.
O əlavə edib ki, aysberqin əriməsi nəticəsində suya ayrılan qida maddələri, pinqvinlər və suitilər də daxil olmaqla, bütün bölgə ekosistemi üçün qida əlçatanlığını artıra bilər.
Digər tərəfdən, A23a-nın parçalanma riski hələ də var. Meycers qeyd edir ki, son illərdə oxşar ölçüdə olan aysberqlərin qısa müddətdə parçalanaraq əridiyi müşahidə olunub.
"Böyük aysberqlərin şimala doğru uzun məsafə qət etdiyini, lakin qısa müddətdə əriyib yoxa çıxdığını daha əvvəl də görmüşük", – deyə o bildirib.
Bu proses baş verərsə, A23a-nın hissələrə ayrılması dəniz nəqliyyatı üçün ciddi təhlükə yarada bilər. Daha kiçik buz parçaları balıqçılıq və gəmiçilik əməliyyatlarını çətinləşdirə bilər.
Qrenlandiya və Antarktidadakı buz təbəqələri, 30 il əvvəlkindən altı dəfə daha sürətli əriyir. Ancaq bu proses adətən daha kiçik hissələrdə baş verir. Antarktidanın həssas ekosistemini dəyişdirmək üçün çox da böyük təsir lazım deyil və bu, alimlərin əsas narahatlığıdır. Antarktidadakı buzların əriməsi qlobal təsirlərə də malikdir. Cənub okeanı həm istiliyi, həm də karbonu udaraq iqlimi tənzimləməyə kömək edir. Lakin istiləşən sular bu tarazlığı pozaraq dəniz səviyyəsinin qalxmasına səbəb olur. A23a-nın quruya oturması bəzi narahatlıqları azaltsa da, onun parçalanma ehtimalı və gələcək əriməsi qlobal ekosistem üçün risklər yaradır. Alimlər vəziyyəti diqqətlə izləyir və bu nəhəng buz parçasının gələcək hərəkətlərinin ekoloji təsirlərini qiymətləndirməyə çalışırlar.
Mənbə: Hürriyet
Tərcümə: Dilbər Paşazadə
