ABŞ-nin Şimali Kaliforniya bölgəsində federal məhkəmə İlon Maskın "OpenAI"ın kommersiya şirkətinə çevrilməsini dayandırmaq üçün verdiyi müraciəti rədd edib.

Hakim Yvonne Qonzalez Rocers Maskın iddiasını əsaslandırmaq üçün yetərli sübut təqdim etmədiyini bildirib. Bununla belə, məhkəmə "OpenAI"ın kommersiyalaşmasının qanunsuz olub-olmadığını araşdırmaq üçün sürətli məhkəmə iclası keçirməyə hazır olduğunu açıqlayıb. Hakim qeyd edib ki, “ictimai vəsaitlərin qeyri-kommersiya təşkilatının kommersiya şirkətinə çevrilməsi üçün istifadə edilməsi bərpaolunmaz zərər yaradır”.
Bu qərar Maskın "OpenAI" və onun icraçı direktoru Sam Altmana qarşı açdığı məhkəmə iddiası çərçivəsində mühüm bir mərhələ hesab edilir. Mask, "OpenAI"ı süni intellekt araşdırmalarını hər kəs üçün əlçatan etmək missiyasını dəyişərək, kommersiya maraqlarına yönəlməkdə ittiham edir.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
