Bu gün:

Texasda qızılca epidemiyası


ABŞ-ın Texas ştatında yayılan qızılca epidemiyası 159 yoluxma halına çatıb. Xəstəliyin yayılmasının qarşısını almaq üçün ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) Texas Səhiyyə Xidmətləri Departamenti ilə birlikdə bölgədə araşdırma aparır.

CDC-nin məlumatına görə, bu əməkdaşlıq "Epi-Aid" adlanır və təcili epidemioloji araşdırmalar üçün nəzərdə tutulub. Mütəxəssislər yerli səhiyyə orqanlarına dəstək verir və tez qərar qəbul edilməsinə kömək edirlər.

Hazırda yoluxma hallarının əksəriyyəti peyvənd olunmayan Mennonit icmasında qeydə alınıb. Texasda ötən həftə qızılcadan ilk ölüm hadisəsi baş verib. Peyvənd olunmayan, lakin heç bir xəstəliyi olmayan məktəbli uşaq infeksiyadan dünyasını dəyişib. Bu, 2015-ci ildən bəri ABŞ-da qızılcadan ilk ölüm halıdır.

Siyasətçi Robert F. Kennedy Jr. epidemiyanı şərh edərək, peyvəndə güvənin bərpasının vacibliyini vurğulayıb. O, peyvəndin tövsiyə olunduğunu, lakin müəyyən sağlamlıq problemləri olan insanlara tətbiq edilməməli olduğunu bildirib. Kennedy, uzun müddətdir peyvəndlərə qarşı çıxış etsə də, qızılcaya qarşı vaksinasiyanın icma immunitetinə töhfə verdiyini qeyd edib.

Səhiyyə mütəxəssisləri peyvəndin həm fərdi qorunma, həm də cəmiyyət üçün vacib olduğunu vurğulayırlar. Texasda vəziyyətin nəzarətə alınması üçün tədbirlər davam edir.

Mənbə:CNN

Tərcümə edən: Fatimə Cabbarlı

Paylaş
Şərh əlavə et