Yaponiyada 108 yaşlı Hakoişi Şitsui "dünyanın ən yaşlı işləyən qadın bərbəri" kimi Ginnesin Rekordlar Kitabına düşüb.

NHK dövlət televiziyasının xəbərinə görə, Toçiqi əyalətində qadın saç ustası olan Hakoişi "dünyanın ən yaşlı qadın saç ustası" adını qazanıb.
Qonşularının və müştərilərinin qatıldığı sertifikat mərasimində çıxış edən Hakoişi uşaqlıqdan həyatının çətinliklərlə dolu olduğunu bildirib.
Hakoişi “Uzaqlardan məni görməyə gəlirlər, ona görə də bacardığım qədər peşəmi davam etdirmək istəyirəm” deyib.
Yapon qadın çıxışından sonra Ginnesin Rekordlar Kitabı sertifikatını alıb.
1912-ci ildə Toçiqinin Nakaqava rayonunda anadan olan Hakoişi 14 yaşında ikən paytaxt Tokioda bərbərdə şagirdlik etməyə başlayıb.
Bərbər lisenziyasını 1936-cı ildə alan Hakoişinin həyat yoldaşı ilə açdığı bərbərxana İkinci Dünya Müharibəsi zamanı dağıdılıb.
Əri müharibədə həlak olduqdan sonra Hakoişi məmləkətinə qayıdıb və iki uşağını böyütməklə yanaşı, evində qurduğu kiçik dükanı idarə edib.
Rəsmi Kyodo agentliyi bərbər Hakoişinin Yaponiyada keçirilən 2020 Tokio Olimpiya və Paralimpiya Oyunlarında məşəl daşıdığını bildirib.
Yaşına baxmayaraq saç kəsmə bacarığını davam etdirən yapon bərbərin dizlərindəki ağrılar səbəbilə az sayda müştəri qəbul edə bildiyi bildirilib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fatimə Hüseynova
