Belçika Baş nazirinin müavini və
Xarici İşlər naziri Maksim Prevot bildirib ki, ölkəsi Ukraynada atəşkəs əldə olunacağı təqdirdə sülhməramlı missiyaya qoşun göndərilməsini rədd etmir.
Belçika Ukraynaya qoşun yeritmək planına qarşı deyil. Belçikanın fransızdilli RTL televiziyasına danışan Prevot bildirib ki, yeni hökumət bu yaydan etibarən müdafiə büdcəsini ümumi daxili məhsulun (ÜDM) 2 faizinə çatdırmağı planlaşdırır.
Prevot bildirib ki, bunu reallaşdırmaq üçün dünən Avropa Komissiyasının sədri Ursula fon der Leyen tərəfindən təqdim olunan yenidən silahlanma planından istifadə edilə bilər. Bu plan müdafiə xərclərinin artırılmasının fiskal qaydaların pozulması kimi qiymətləndirilməməsini nəzərdə tutur.
Ukraynada atəşkəs olacağı təqdirdə Belçikanın sülhməramlı missiyaya əsgər göndərməsinin "mümkün dairəsi daxilində" olduğunu bildirən Prevot, "Biz bu perspektivə qarşı çıxmırıq", - deyib.
Digər tərəfdən, bunun baş verməsi üçün bəzi şərtlər irəli sürən Prevot qeyd edib ki, "İlk növbədə, ukraynalıların mənafeyinə hörmət edən və eyni zamanda Avropanın maraqlarını nəzərə alan bir sülh müqaviləsi imzalanmalıdır. Biz onlara zərər verəcək bir razılaşma etməməliyik. Bu, daimi və məqbul sülhün bərqərar olması üçün vacib şərtdir. Bunlar yerinə yetirildikdən sonra, Belçika sülh missiyasında iştirak edə bilər".
“Avropa sərhədlərini qorumaq üçün başqalarına deyil, özünə güvənməyi bacarmalıdır”, - deyə Prevot bildirib.
Prevot fransızdilli “Le Soir” qəzetinə verdiyi müsahibədə ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırma qərarı və Avropadan müdafiə xərclərini artırmaq istəyi ilə bağlı qiymətləndirmələr edib.
Sürətli hərəkət etmək üçün Avropa ölkələrinin birləşməsinin vacibliyinə diqqət çəkən Prevot, Avropanın ABŞ-nin dəstəyi olmadan öz öhdəliklərini üzərinə götürə bilməsi lazım olduğunu qeyd edib.
"Avropa sərhədlərini, dəyərlərini və demokratiyasını qorumaq üçün başqalarına deyil, özünə güvənməyi bacarmalıdır" deyən nazir Prevot, "Birləşmiş Ştatların töhfələri bir gecədə əvəz oluna biləcək bir şey deyil. Bu, masaları çevirmək və onlara arxa çevirmək deyil, bizim öz vəzifəmizə cavab vermədən birlikdə işləmək üçün yeni yollar kəşf etməkdir", - deyə əlavə edib.
Fransa və Böyük Britaniyanın başçılıq etdiyi bəzi Avropa ölkələri atəşkəs rejiminin həyata keçirilməsini təmin etmək üçün Ukraynaya sülhməramlı missiyalar yerləşdirmək istəyir. Digər tərəfdən, demək olar ki, Aİ-yə üzv olan bütün dövlətlər bu təklifi müsbət qarşılamırlar.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səidə Əsədli
