Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) bazar ertəsi dekabrda baş tutan, lakin nəticəsiz qalan son müzakirələrdən sonra plastik tullantıların məhdudlaşdırılması üzrə qlobal müqavilə ilə bağlı yeni danışıqlar raundunu elan edib.

BMT-nin ətraf mühit rəsmiləri növbəti müzakirələrin 5-14 avqust tarixlərində İsveçrənin Cenevrə şəhərində keçiriləcəyini bildiriblər. Danışıqlarda rəsmi müşahidəçi statusunda iştirak edən qrupların üzvləri bu barədə Newsweek nəşrinə məlumat veriblər.
Rəsmi olaraq Beynəlxalq Danışıqlar Komitəsi 5.2 kimi tanınan bu görüşə milli nümayəndələr, sənaye və qeyri-kommersiya təşkilatlarının üzvləri, eləcə də ictimai sağlamlıq, ətraf mühitin ədaləti və dəniz elmləri sahəsində təcrübəsi olan ekspertlər qatılacaq.
Bu danışıqlar dəniz ekosistemlərini məhv edən, insan sağlamlığına ciddi ziyan vuran və qlobal istiləşməni sürətləndirən plastik çirklənməsinin qarşısını almaq üçün illərlə aparılan müzakirələrin yekunu ola bilər.
Alimlərin hesablamalarına görə, hər dəqiqə bir zibil maşını qədər plastik tullantı okeanlara daxil olur. Bu tullantılar dəniz canlılarını təhdid edir, balıqları, tısbağaları və dəniz məməlilərini təhlükəyə atır. Kiçik ölçülü plastik hissəciklər isə okeanın qida zəncirinə daxil olaraq ekosistemi ciddi şəkildə pozur.
Bundan əlavə, sağlamlıq tədqiqatçıları plastik istehsalında istifadə edilən kimyəvi maddələrin insan orqanizminə təsiri ilə bağlı narahatlıqlarını ifadə edirlər. Mikroplastiklərin insan bədənində yığılması və sağlamlığa mümkün zərərli təsirləri son illərdə elmi dairələrdə daha çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Mənbə: Newsweek
Tərcümə etdi: Səidə Abasova
