Ötən ay Tramp administrasiyası, federal əməkdaşların iş və səfər xərclərini qarşılamaq üçün istifadə etdiyi hökumətə məxsus kredit kartlarının əksəriyyətinə 1 dollarlıq xərc limiti tətbiq edib. Bu qərarın təsirləri artıq geniş şəkildə hiss olunur.

Milli Okean və Atmosfer Administrasiyası (NOAA) alimləri, gəmiləri və radarları təmir etmək üçün lazım olan avadanlıqları sifariş edə bilmir. Qida və Dərman Administrasiyası (FDA) laboratoriyaları əsas ləvazimatların sifarişində gecikmələrlə üzləşir. Milli Park Xidməti əməkdaşları mühüm texniki xidmət işlərinə nəzarət üçün səfərlərini ləğv etməyə məcbur olur. Kənd Təsərrüfatı Departamenti və Federal Aviasiya Administrasiyası kimi qurumlarda isə mühüm layihələrin dayanacağından narahatlıq var. Bir çox hallarda əməkdaşlar artıq işlərini yerinə yetirməkdə çətinlik çəkirlər.
Bu dəyişiklik Elon Maskın rəhbərlik etdiyi "Hökumət Effektivliyi Departamenti"nin (DOGE) federal hökumətdə israf hallarını araşdırmaq məqsədilə başladığı tədbirlərin bir hissəsi kimi təqdim olunur. Ötən ay DOGE hökumətə məxsus ən böyük kredit kartı proqramını "sadələşdirmək" üzərində işlədiyini açıqlamışdı. Ötən çərşənbə günü isə qurum 24,000 hökumət kartının deaktiv edildiyini elan edib.
Adının açıqlanmasını istəməyən Kənd Təsərrüfatı Departamentinin bir əməkdaşı yaranan böhrana diqqət çəkərək bildirib: "Bu fasilə nə qədər uzun davam etsə, sistem bir o qədər çox çökəcək".
Mənbə:Techcrunch
Tərcümə etdi:Zeynəb Yunuszadə
