ABŞ Prezidenti Tramp ilə Ukrayna Prezidenti Zelenski arasındakı mətbuat konfransında baş verənlər diplomatiya tarixinə düşdü. Trampın Ukraynanı gözardı etdiyini, Rusiya ilə anlaşaraq əslində son məqsədi olan Çinə yönəlmək istədiyini bildirən mütəxəssislər yeni bir dünya quruluşunun yaradılacağını və Ankaranın dəyərinin daha da artacağını düşünürlər.

Vəzifəyə gəlməzdən əvvəl də Donald Trampın nələr edə biləcəyini təxmin edə bilirdik. Lakin heç kim bu qədərini gözləmirdi. Son günlərdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Oval Ofisdə medianın qarşısında baş verən mübahisə yeni bir dönüş nöqtəsi oldu.
Təbii ki, görüşə dair detallardan çox danışıldı. Lakin əsas vacib məqam bu böhranın gələcək dövrə yansıyacaq təsirləridir.
Təqaüddə olan səfir Uluç Özülker Türkiyənin ən təcrübəli diplomatlarından biridir. O, diplomatik karyerası boyunca çox mühüm görüşlərə, böyük böhranlara, hətta müharibələrə şahidlik etmiş bir şəxsdir.
Özülker ABŞ Prezidentinin diplomatik baxımdan qəbul olunmayan bir davranış sərgilədiyini vurğulayaraq söhbətə başlayıb. Günün sonunda həm sözləri, həm də bədən dili ilə əslində ABŞ Prezidentinin Ukraynanı gözardı etdiyini açıq şəkildə göstərdiyini bildirib.
İkinci Dünya Müharibəsindən sonra ABŞ tərəfindən qurulan idarə sisteminin bu gün yenə ABŞ-nin özü tərəfindən pozulduğu bir dövrə daxil olduğumuzu qeyd edib və belə deyib: “Sistem sarsılır. Çin qlobal miqyasda getdikcə daha dominant bir gücə çevrilməyə başlayıb. ABŞ kəşfiyyatı mövcud vəziyyətin bu cür davam etməsi halında 2030-cu ildə Çinin onları yaxalayacağını hesabatında bildirdi. Tramp və komandası buna icazə vermək fikrində deyil. Onların məqsədi, nə bahasına olursa olsun, ABŞ-ı yenidən qlobal miqyasda tək və ən böyük güc halına gətirməkdir.”
Mənbə: TRT Haber
Tərcümə etdi: Fatimə Hüseynova
