Bu gün:

Ərəb dövlətləri və BMT İsrailin Qəzzaya blokadasını pisləyir


Bir sıra ərəb dövlətləri və BMT İsraili Qəzza zolağına humanitar yardımların daxil olmasını məhdudlaşdırmaqda qınayıb.

Misir və Qətər İsrailin bazar günü atdığı addımın atəşkəs razılaşmasını pozduğunu bildiriblər. BMT-nin humanitar məsələlər üzrə rəhbəri Tom Fletcher bunu "narahatedici" adlandırıb.

İsrailin baş naziri Benyamin Netanyahu isə HƏMAS-ın yardımları ələ keçirərək onları “terror maşınını maliyyələşdirmək üçün” istifadə etdiyini iddia edib. O, həmçinin HƏMAS-ı ABŞ-nin atəşkəsin uzadılması təklifini rədd etməkdə günahlandırıb. İsrail isə bu təklifi qəbul etdiyini açıqlayıb.

HƏMAS sözçüsü İsrailin blokadasını “ucuz şantaj” və atəşkəs razılaşmasına qarşı “çevriliş” adlandırıb.

Atəşkəs razılaşması HƏMAS və İsrail hərbçiləri arasında 15 aylıq döyüşləri dayandırıb və təxminən 1900 fələstinli məhbus və 33 israilli girovun azad edilməsinə imkan verib.

Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et