Startap ekosisteminin aparıcı inkubatorlarından biri olan Y Combinator (YC), dəstəklədiyi Optifye.ai startapının fabrik işçilərinin izlənməsi ilə bağlı texnologiyasına dair paylaşdığı postları bu mövzu ilə bağlı gələn tənqidlərdən sonra silib.

Məlumata görə, Optifye.ai süni intellektlə idarə olunan təhlükəsizlik kameraları vasitəsilə fabriklərdə işçilərin fəaliyyətini real vaxt rejimində izləməyə imkan verən proqram hazırlayır. Şirkətin YC profilində qeyd edilib ki, bu texnologiya sahibkarlara işçilərin effektivliyini ölçmək imkanı yaradır.
Bazar ertəsi günü Y Combinator X (keçmiş Twitter) və LinkedIn platformalarında Optifye-nin demo videosunu paylaşıb. Videoda Optifye həmtəsisçisi Kuşal Mohta, geyim fabrikinin rəhbəri rolunda çıxış edərək aşağı məhsuldarlıq göstərən bir işçi ilə bağlı nəzarətçiyə müraciət edir. Videoda işçi “Nömrə 17” kimi təqdim edilib.
Paylaşım qısa zamanda böyük ictimai narazılığa səbəb olub. X platformasında bəzi istifadəçilər bu texnologiyanı "sweatshop-as-a-service" (ucuz işçi istismarı xidməti) adlandırıb, digərləri isə "kompüter görmə texnologiyası ilə idarə olunan istismar proqramı" kimi tənqid ediblər.
Güclü tənqidlərdən sonra Y Combinator paylaşdığı postları sosial media hesablarından silib. Hadisə Hacker News platformasında da geniş müzakirələrə səbəb olub.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
