
NASA kainatın ən detallı və rəngarəng üçölçülü xəritəsini yaratmaq üçün yeni missiyaya başlayır. "SPHEREx" adlı missiya çərçivəsində səmanın hər nöqtəsi 102 fərqli infraqırmızı rəng tonu ilə skan ediləcək və səma cisimlərinin tərkibini və məsafəsini təyin edəcək. Bu innovativ layihə kainatın ən böyük sirlərini işıqlandırmağa kömək edəcək.
SPHEREx fevralın 28-i cümə günü kosmosa buraxılacaq və növbəti iki il ərzində səmanı dörd dəfə skan edəcək. Missiyanın sonunda səmanın hər nöqtəsi 102 müxtəlif infraqırmızı rəng çalarları ilə qeydə alınacaq.
SPHEREx, Süd Yolunda su buzu, karbon dioksid və karbon monoksit kimi həyat üçün kritik komponentləri araşdıraraq, potensial yaşayış üçün əlverişli planetlərin əmələ gəlməsi şərtlərini işıqlandıracaq. Bu elementlərin molekulyar buludlarda olması bu komponentlərin gənc planetlərə daşınma ehtimalını artırır. SPHEREx tərəfindən toplanan məlumatlar James Webb Kosmik Teleskopu (JWST) kimi daha dar, lakin daha dərin rəsədxanalarla birləşdiriləcək və alimlərə daha əhatəli analiz imkanı verəcək.
Mənbə: dha.com.tr
Tərcümə etdi: Nazrin Humbat
