Bu gün:

Həkimlərin uğurlu nadir parazitar əkiz əməliyyatı


Dehlidəki Hindistan Tibb Elmləri İnstitutunda həkimlər nadir cərrahi əməliyyatla 17 yaşlı yeniyetmənin qarın nahiyəsinə birləşmiş parazitar əkizini çıxarıblar. Parazitar əkiz – tam inkişaf etməmiş və əsas əkizə bağlı olan nadir tibbi fenomendir. Bu hadisədə xəstənin qarın nahiyəsindən çıxan 15 kq ağırlığında tam formalaşmış iki ayaq, oturaq nahiyəsi və xarici cinsiyyət orqanları mövcud olub.

Əməliyyata rəhbərlik edən Dr. Asuri Krişnanın sözlərinə görə, dünyada cəmi 40-50 belə hadisə qeydə alınıb və indiyədək bu cür əməliyyatlar adətən körpələr üzərində aparılıb. Kifayət qədər tibbi məlumat bazası olmadığından həkimlər prosedur zamanı intuisiya, bilik və bacarıqlarına güvəniblər. Müayinələr nəticəsində parazitar əkizin döş sümüyünə birləşdiyi və qan təchizatını döş qəfəsindəki bir damar vasitəsilə aldığı müəyyən edilib.

İki saat yarım davam edən əməliyyat iki mərhələdə aparılıb: əvvəlcə parazitar əkiz ayrılıb, sonra isə qarın boşluğundakı böyük kista xaric edilib. Əməliyyat zamanı xəstənin qan təzyiqi kritik həddə düşsə də, həkimlər onu vaxtında stabil vəziyyətə gətiriblər. Yeniyetmə əməliyyatdan dörd gün sonra xəstəxanadan buraxılıb və tam sağalıb.

Uttar Pradeşdə yaşayan gənc illərlə xarici görünüşünə görə cəmiyyətdən uzaq qalıb, məktəbi yarımçıq qoyub. O, əməliyyatdan sonra yeni həyata başlamaq, təhsilini davam etdirmək və işləmək istədiyini bildirib.

Mənbə: BBC News

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et